Bakı. Trend:
Qazaxıstanla Azərbaycan arasında mövcud münasibətləri güclü və strateji əhəmiyyətli adlandırmaq olar.
Bunu Trend-ə açıqlamasında qazaxıstanlı politoloq və "Talap" Tətbiqi Araşdırmalar Mərkəzinin analitiki Erik Batırxanov deyib.
"Onlar ümumi mədəni və tarixi köklərə, eləcə də qlobal və regional çağırışların oxşar anlayışına əsaslanır. Son illər ölkələr nəqliyyat, enerji, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər ki, bu da aparıcı rol oynadıqları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xüsusilə vacibdir", - deyə o bildirib.
O, Qazaxıstan-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bir neçə əsas istiqaməti qeyd edərək, infrastrukturun inkişafının, ticarət və investisiyalar üçün şəraitin asanlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkələr logistika və nəqliyyat əlaqələrini təkmilləşdirməyə davam etsələr, iqtisadi inteqrasiyanı gücləndirə bilərlər.
“Energetika sahəsində əməkdaşlığın da böyük potensialı var, xüsusən də "yaşıl" enerji və bərpa olunan enerji mənbələri çərçivəsində", - deyən E.Batırxanov bu cür birgə səylərin qlobal ekoloji çağırışlara cavab verdiyini vurğulayıb.
Bundan əlavə, ekspert rəqəmsallaşma sahədə əməkdaşlığın vacibliyini də qeyd edib: "İT və rəqəmsallaşma sahəsində layihələrin genişləndirilməsi ölkələrimizdə texnoloji tərəqqiyə töhfə verəcək". O əlavə edib ki, bu sahədə birgə təşəbbüslərin dəstəklənməsi Qazaxıstan və Azərbaycanın iqtisadi və texnoloji inkişafını gücləndirəcək.
Təhlükəsizliklə bağlı danışan E.Batırxanov bu sahədə əməkdaşlığın vacibliyini də qeyd edib. "Vasitəçilik və sülhməramlı mexanizmlərin inkişafı sahəsində birgə səylər, habelə hüquq-mühafizə sahəsində təcrübə mübadiləsi regionda sabitliyi və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıra bilər", - deyə E.Batırxanov vurğulayıb.