...

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlığa qədər inkişaf edib - Səfir

Siyasət Materials 18 Fevral 2025 19:34 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlığa qədər inkişaf edib - Səfir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlığa qədər inkişaf edib.

Trend xəbər verir ki, bunu bu gün Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavleviç Serbiyanın Dövlətçilik günü və Silahlı qüvvələr günü münasibətilə keçirilən qəbulda söyləyib.

“Bu milli bayram Serbiyanın ən yeni tarixində yer alan və eyni gündə - 15 fevralda baş vermiş iki əhəmiyyətli hadisənin xatirəsinin həkk olunması məqəsdilə təsis edilib. Bizim bu gün qeyd etdiyimiz ilk tarixi hadisə –dövlət müstəqilliyi və xarici istiladan qurtulmaq uğrunda silahlı mübarizəni başlatmış əcdadlarımızın 1804-cü ildəki qəhrəmanlıq əsəridir. İkincisi isə 15 fevral 1835-ci ildə o vaxtkı Avropanın ən liberal konstitusiyalarından hesab olunan və az qala iki əsr əvvəl hakimiyyət bölgüsü və fundamental insan haqlarını nəzərdə tutan – Serbiyanın ilk konstitusiyasının qəbulu günüdür”,- deyə o bildirib.

Vladisavleviç Serbiya Respublikasının digər ölkələrlə sülh şəraitində yaşayan və bütün xalqlar, dövlətlər və mədəniyyətlərlə dostluq və əməkdaşlığı inkişaf etdirməyə hazır olan uğurlu, müasir və dinamik Avropa ölkəsinə çevrildiyini vurğulayıb.

“Uğurlarının və yüksək reputasiyasının təqdiri olaraq Serbiya iki ildən sonra Belqradda keçiriləcək ixtisaslamış EXPO 2027 sərgisinə ev sahibliyi edəcək ölkə seçilib. Bu vacib beynəlxalq hadisə eyni zamanda, ölkənin ümumi inkişafı, onun sənayeləşdirilməsi və infrastruktur inkişafı üçün güclü stimul kimi xidmət göstərəcək. Təəssüflər olsun ki, müasir Serbiya fərqli-fərqli çağırışlar və problemlərlə üzləşir, onların ən ciddisi, sözsüz ki, separatizm təhdidi, Kosovo və Metoxiyada suverenliyin və ərazi bütövlüyünün pozulmasıdır. Bizim bütün bu çağırışlara dialoq və dinc vasitələrlə qarşısını almağa çalışmağımıza, sülh və sabitliyi qoruyub-saxlamağa can atmağımıza baxmayaraq, bu fakt olaraq qalır ki, - ölkənin suverenliyinin və müstəqilliyinin vacib qarantı məhz onun ordusudur. Məhz bunun üçün Serbiya müasir, yaxşı təşkil və təchiz olunmuş ordunun yaradılmasına əhəmiyyətli səy və vasitələr səfərbər edib. Bu gün bizim Milli günümüzlə yanaşı, biz həm də Serb Ordusu Gününü qeyd edirik və bununla həm sülh həm də hərb dövründə artıq az qala iki əsr ərzində bizim müstəqilliyi və tərəqqini qoruyan cəsur ordumuza ehtiram göstəririk”, -deyə səfir bildirib.

Vladisavleviç əlavə edib ki, güclü ordu və sabit iqtisadiyyatla yanaşı, Serbiyanın müstəqilliyinin və xarici siyasətinin digər dayağı dostluq əlaqələri və inkişaf etdirdiyi əməkdaşlıq körpüləridir.

"Ən dəyərli olan, şübhəsiz ki, zamanın və müxtəlif vəziyyətlərin sınaqlarından çıxan dostluq əlaqələridir. Məhz belə münasibətlər bizi Azərbaycanla birləşdirir. Tarixi oxşarlıqlara və qarşılaşdığımız əsas çağırışlara dair tam qarşılıqlı anlayışa əsaslanan münasibətlərimiz, 28 il əvvəl qurulduğu gündən bəri, strateji tərəfdaşlığa çevrilib. Xarici siyasət sahəsində koordinasiyamız və qarşılıqlı maraq doğuran məsələlərdə birgə addımlarımız bu əməkdaşlığın əsasını təşkil edir.

Son bir neçə il ərzində biz öz siyasi fəallığımızın, yüksəkvəzifəli rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin və təmasların artımasının, həmçinin ikitərəfli iqtisadi əlaqələrimizin və ticarət dövriyyəsinin əhəmiyyətli artımının şahidi olmuşuq. Bütövlükdə, mən əminəm ki, biz hər növbəti Serbiya Dövlətçilik Gününü Azərbaycanla daha intensiv və əhəmiyyətli əməkdaşlıq və dostluq uğrunda fəxarətlə qeyd edəcəyik. Sonda öz doğma Vətənim üçün sağlıq demək, ona daimi sülh və inkişaf, uğurlar və güc, həmçinin Azərbaycanın timsalında daha çox dəyərli və səmimi dostlar arzulmaq istəyirəm. Yaşasın Serbiya və yaşasın Serbiya və Azərbaycan arasında daimi dostluq!”,-deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti