Bakı. Trend:
Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və yeni bir mərhələyə çıxmasına imkan verir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin açılışı iki qardaş ölkə arasında mühüm tarixi əhəmiyyətə malik bir hadisədir:
“İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq ki, bu da qardaş ölkənin mühüm bir töhfəsidir. Xatırladım ki, Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək”.
Deputat vurğulayıb ki, iki qardaş ölkənin birgə həyata keçirdiyi layihələr regionun inkişafı baxımından olduqca önəmlidir:
“Bu layihələrdən Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə göstərmək olar. Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışı zamanı bildirdi ki, "bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var"”.
Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi və birgə layihələrin həyata keçirilməsi ümumilikdə bütün Türk dünyası üçün vacib əhəmiyyət daşıyır.