Antalya. Trend:
Minsk Qrupu özünü buraxmalıdır.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan məsələsi artıq sonlanmaq üzrədir, sülh müqaviləsi hazırlanıb.
“Ermənistanın Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin, Türkiyənin şərqindəki bəzi ərazilərin bu ölkəyə bağlı olduğunu ifadə edən, “Böyük Ermənistan arzusu”na çağırış edən cümlə var. Bunlar ali sənəddən çıxarılmalıdır. Konstitusiyasında başqa dövlətin ərazisində gözü olan bir ölkə ilə sülhə nail olmaq mümkün deyil. ATƏT-in Minsk Qrupu 30 il Ermənistanın bir sıra qətliamlarına göz yumub. Minsk Qrupu özünü buraxmalıdır. Bu iki məsələ önəmlidir.
Azərbaycan Qafqazda sülhün, çoxmədəniyyətliliyin təmsilçisi kimi beynəlxalq konfranslara ev sahibliyi edir. Üç gün öncə ADA Universitetində çox önəmli tədbir baş tutdu. Azərbaycan 30 il əvvəlki ölkə deyil, sağlam ordusu olan, öz gücü ilə var olmağı bacaran və son dərəcə vacib dünya liderlərindən birinə sahib bir ölkədir”, - deyə Şamil Ayrım qeyd edib.
O əlavə edib ki, Türkiyə-Azərbaycan münasibətləri səmimi şəkildə irəliləyir.