Astana.Trend:
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) Qazaxıstana neftin nəqli marşrutlarının genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Trend xəbər verir ki, bunu Qazaxıstan parlamentinin deputatı Murat Abenov Astanda jurnalistlərə verdiyi açıqlamada deyib.
Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) qarşı son hücumları şərh edən deputat qeyd edib ki, hazırda Qazaxıstan neftinin daşınması üçün alternativ marşrutların axtarışı prioritet vəzifədir.
Bu kontekstdə M. Abenov vurğulayıb ki, Qazaxıstanın TRIPP vasitəsilə neft ixracı yollarını genişləndirmək imkanı mövcuddur.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona "TRIPP Development Company"nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.
