...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ ÇEÇENİSTANLA BAĞLI MÜVƏQQƏTİ ALTKOMİTƏSİNİN TOPLANTISI OLUB

Siyasət Materials 13 Sentyabr 2005 20:46 (UTC +04:00)

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Çeçenistanla bağlı müvəqqəti altkomitəsinin toplantısı olub. Trend bildirir ki, toplantıya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qatılıb. Həmin toplantıda Çeçenistanla bağlı məsələlər ətraflı müzakirə olunub.

Strasburqda Çeçenistan məsələsi ilə bağlı Dəyirmi Masa keçirilməsi qərara alınıb. Bununla əlaqədar olaraq işçi qrupu yaradılıb. Həmin işçi qrupu sözügedən Dəyirmi Masada müzakirəyə çıxarılacaq məsələləri və tədbirin keçiriləcəyi yeri müəyyənləşdirəcək.

Bundan əlavə bu gün AŞ PA Siyasi Komitəsinin də toplantısı keçirilib. Toplantıda dünən Dağlıq Qarabağ altkomitəsində müzakirə olunan məsələlər gündəlikdə olub. Asim Mollazadə Siyasi Komitədə Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Siyasi Komitə Qarabağ üzrə altkomitənin dünən qəbul etdiyi qərarları nəzərə alıb və onları təsdiqləyib. Siyasi Komitədə Qarabağla bağlı məsələnin AŞ PA-nın oktyabr sessiyasında müzakirəyə çıxarılması qərara alınıb.

Asim Mollazadə AŞ-ın Lixtenşteyndəki vəziyyətlə bağlı Lixtenşteyn parlamenti ilə müzakirələrə göndəriləcək nümayəndə heyətinin tərkibinə daxil edilib. Həmçinin qərara alınıb ki, Asim Mollazadə AŞ-ın Belorusdakı təmsilçisi missiyasını davam etdirsin.

Demokratik İslahatlar Partiyasının sədrinin NATO-nun Parlament Assambleyasının keçirəcəyi Belorusla bağlı konfransda Avropa Şurasını təmsil etməsi də qərara alınıb.

Xəbər lenti

Xəbər lenti