Latviya prezidenti Vayra Vike-Freyberqin Azərbaycana rəsmi səfərinə hazırlıq gedir. Bu barədə Trend ə eksklüziv müsahibəsində prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. O bildirib ki, hər iki tərəf hələ müəyyən hazırlıq işləri görməlidir.
N.Məmmədovun sözlərinə görə, tərəflər ikitərəfli əlaqələrin hərtərəfli inkişaf yollarını müzakirə etmək, bir çox məsələlərlə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir. O qeyd edib ki, rəsmi Bakı Avropa və Avroatlantik strukturlara inteqrasiyaya xüsusi əhəmiyyət verir və Azərbaycan prezidentinin Avropa ölkələrinə, o cümlədən Bolqarıstan, Polşa, Rumıniya, Almaniya, Fransa və Xorvatiyaya səfərləri bunun əyani sübutudur. "Bütün bunlar həmin silsilənin davam etdiyini və bu proseslər zamanı Azərbaycanın öz fəaliyyətini intensivləşdirəcəyindən xəbər verir", - deyə N.Məmmədov qeyd edib.
O əlavə edib ki, hazırda qarşıdakı görüşün gündəliyi və imzalanacaq sənədlərin layihələri razılaşdırılır.
Latviya prezidenti Vayra Vike-Freyberq oktyabrın 3-8-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Oktyabrın 3-4-də o, Azərbaycana gələcək, oradan isə Gürcüstan və Ermənistana yola düşəcək. Səfərlər zamanı prezidenti hökumətin nümayəndə heyəti, işgüzar dairələrin nüumayəndələri və bu ölkələrlə əməkdaşlıq qrupunun Latviya seymindəki deputatları müşayiət edəcəklər.