...

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİNDƏ VÜQAR BƏYTURANIN KASSASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Siyasət Materials 29 Sentyabr 2005 13:53 (UTC +04:00)

Sentyabrın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Şəlalə Məmmədovanın sədrliyi ilə Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturanın kassasiya şikayətinə baxılıb. Trend məlumat verir ki, V.Bəyturanın məhkəmə orqanlarına müraciət etməsinin səbəbi 70 saylı Masallı seçki dairəsi tərəfindən namizədliyinin qeydə alınmaması, Mərkəzi Seçki Komissiyasının (MSK) isə həmin qərarı qüvvədə saxlaması olub.

Partiya sədri nəticədən narazı qalaraq əvvəlcə Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya məhkəməsi isə çıxarılmış qərarı qüvvəsində saxlayıb. Bəyturan bu dəfə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin bu instansiyada keçirilən məhkəmə iclasında da Apellyasiya Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

V.Bəyturan isə iddia edir ki, namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplayıb. "Məhkəmə iclasına dəvət olunan şahidlər də təsdiqlədilər ki, mənim namizədliyim üçün imza atıblar. Məhkəməyə bunu təsdiqləyən 50-dən artıq şəxsiyyət vəsiqəsi də təqdim etdim. Ancaq bununla belə hakim mənim şikayətimi təmin etmədi".

Ali Məhkəmənin çıxardığı qərarı ədalətsiz hesab edən Vüqar Bəyturan hüquqlarını bərpa etmək üçün bütün addımları atacağını bildirib. V.Bəyturan: "Yəqin ki, yaxın günlərdə Ali Məhkəmənin Plenumuna müraciət edəcəyəm. Əgər həmin instansiya da ədalətli qərar çıxarmasa, o zaman Konstitusiya Məhkəməsinə, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağam", - deyə bəyan edib.

Xəbər lenti

Xəbər lenti