...

Fərhad Əliyev şübhəli şəxs qismində tutulub

Siyasət Materials 20 Oktyabr 2005 15:39 (UTC +04:00)

Azərbaycan Respublikasının keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev şübhəli şəxs qismində tutulub. Trend bildirir ki, bu barədə birgə məlumatı oktyabrın 20-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, oktyabr ayının 16-da həbs edilmiş keçmiş maliyyə naziri Fikrət Yusifov oktyabrın 18-də Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova ərizə ilə müraciət edib. F.Yusifovun baş prokurora müraciət etməsinin səbəbi Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü məlumatlar vermək istəməsi olub.

Fikrət Yusifov ifadəsində göstərib ki, 2005-ci ilin iyul ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı əvvəllər də sıx əlaqədə olduğu Rəsul Quliyev onun mobil telefonuna zəng edib. Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi prosesini maliyəlləşdirmək barədə tapşırıqlarını İqtisadi İnkişaf naziri Fərhad Əliyevə və maliyyə imkanları olan digər tərəfdaşlarına çatdırmağı barədə göstəriş verib.

Bununla əlaqədar Fikrət Yusifov cari ilin avqust ayında Fərhad Əliyevlə və onun qardaşı Rafiq Əliyevlə sonuncuya məxsus ofisdə görüşüb və onların arasında R.Quliyevin tapşırıqları müzakirə olunub.

Oktyabrın 3-də isə Fikrət Yusifov Berlin şəhərində Rəsul Quliyevlə görüşüb və oktyabr ayının ortalarında R.Quliyevin Bakıya dönməsi və onun qarşılanması ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Rəsul Quliyev bu işlərin təşkili üçün Fərhad Əliyevin real maliyyə yardımı göstərməsi barədə konkret tapşırıqlar verib.

Oktyabrın 15-də hakimyyətin zorla ələ keçirilməsinin maliyyələşdirilməsi məqsədi ilə Fərhad Əliyev 100.000 avro məbləğində pulu şəxsən Fikrət Yusifova verib.

Məlumatda qeyd olunur ki, MTN-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində F.Əliyevin, F.Yusifovun və qeyrilərinin hakimiyyəti zorla ələ keçirmək planları ifşa edilib.

Toplanmış materiallar əsasında Baş prokurorun qərarı ilə 18 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 28,220 (iğtişaşa hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə cinayət işi başlanıb. Fərhad Əliyev 19 oktyabr 2005-ci il tarixdə həmin iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti