...

Natiq Əliyev: Aktau-Bakı yüksək iqtisadi dəhliz səviyyəsində qəbul edilməlidir

Siyasət Materials 13 Fevral 2006 17:12 (UTC +04:00)
Natiq Əliyev: Aktau-Bakı yüksək iqtisadi dəhliz səviyyəsində qəbul edilməlidir

Trend in Azərbaycanın sənaye və energetika naziri ilə müsahibəsi

- Sizin fikrinizcə, Nazirliyin səmərəli işi üçün ilk növbədə hansı addımlar atılmalıdır?

- Azərbaycanın neft sənayesi bütün enerji sahələrinin inkişafına təkan verib. İldən-ilə həm elektrik enerjisinin istehsalı və həm də əhalinin təbii qazla təchizatı artırılıb. Yanacaq-energetika kompleksi səmərəli inkişaf edib və bu sahənin idarəedilməsi məsələsi, şübhəsiz, çox mühüm rol oynayır.

Bu gün ARDNŞ, Azərenerji və Azəriqaz inkişaf və idarəetmə vəziyyətinin xüsusi yolları ilə formalaşmış strukturlardır. Hesab edirəm ki, bu kompleksin dövlət proqramları ilə müəyyən edilən dəqiq inkişaf istiqamətləri var. Sənaye və İnkişaf Nazirliyində mən öz rolumu yanacaq-energetika kompleksinin gündəlik idarə olunmasında deyil, Azərbaycan prezidentinin təsdiq etdiyi və Nazirlər Kabinetinin direktiv sənədlərində əks olunanlara nəzarət edilməsində görürəm. Nazirlik dövlətin nəzarətini tələb edən qlobal məsələlərə görə cavabdehdir. Nazirlik yalnız bu istiqamətdə respublikanın energetika kompleksində öz idarə etmə rolunu görməlidir və heç bir halda Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən strukturun təsərrüfat fəaliyyətinə mane olmamalıdır.

- Nazirlik hazırda ARDNŞ-in sərəncamında olan xarici şirkətlərlə danışıqlar aparmaq funksiyasını öz üzərinə götürəcəkmi?

- Mən hesab edirəm ki, ənənəyə və toplanmış təcrübəyə görə, danışıqları Dövlət Neft Şirkəti həyata keçirməlidir, lakin bu, Nazirliyin "hamiliyi" ilə də ola bilər. ARDNŞ-in mütəxəssisləri, ekspertləri var və şirkət tamamilə yataqlar üzrə danışıqlar aparmağa qadirdir.

Lakin ARDNŞ əlbəttə, buna qədər də bütün məsələləri özü həll etməyib. Razılaşmanın əsas prinsipləri tamamlandıqdan sonra ARDNŞ yalnız müqavilələrin icraçısını həyata keçirir. Sənədlər geniş müzakirə üçün ölkə prezidentinin aparatına və Nazirlər Kabinetinə verilir və bundan onra tam razılaşmanın işlənməsi üzrə səlahiyyətlərin verildiyi Dövlət Neft Şirkətinə qaytarılır.

Hesab edirəm ki, xarici şirkətlərlə razılaşmaların imzalanması sxeminin elə belə də qalmasına dəyər. Nazirlik isə öz növbəsində danışıqlar prosesinə cəlb oluna, öz fikrini söyləyə, gələcəkdə xarici investisiyaların cəlb olunması ilə bağlı dövlətin strategiyasını və ya siyasətini formalaşdırmaqda iştirak edə bilər.

- Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərilə neftin birgə nəqli üzrə hökumətlərarası razılaşma üzərində işləri başa çatdırıblar. Bu sənədin 2006-cı ildə imzalanacağını gözləmək olarmı?

- Bu sənəd üzərində iş çox uzun müddət davam edib. 2005-ci ildə hökumətlərarası razılaşmanın əsas prinsiplərini razılaşdıra bildik. Azərbaycan prezidentinin sərəncamı ilə Aktau-Bakı nəqliyyat dəhlizi məsələlərinə baxılması üzrə xüsusi komissiya yaradıldı.

Razılaşmanın mətni müvafiq Nazirliklərə verildi, rəylər və tövsiyyələr alındı. Bir neçə gün bundan əvvəl Qazaxıstanın yeni energetika naziri Baktıkoja İzmuxambetov müqavilənin yeni mətnini göndərib və orada yalnız redaktə xarakterli dəyişikliklərin edildiyi qeyd olunub. Qazaxıstan tərəfi razılaşmanın yekun mətninin tezliklə razılaşması üçün əlavə görüşlərin keçirilməsini tələb edir. Faktiki olaraq sənəd hazırdır.

Lakin məsələ sənədi kimin imzalayacağındadır və mən bunu dövlət rəhbərlərinin həll edəcəyini düşünürəm. Çox güman ki, bunu hansısa bir əhəmiyyətli hadisə ilə eyni vaxta salmaq lazım gələcək. Aktau-Bakı yüksək iqtisadi dəhliz səviyyəsində qəbul edilməlidir. Bu, sadəcə dəhliz deyil, Şərqlə Qərb arasında energetika bağlısıdır.

- Azərbaycanın "Azəri-Çıraq-Günəşli"(AÇG) yatağından sutkada 1 mln. bareldən artıq neft hasil edilməklə yanaşi yaxın illərdə paralel olaraq bu müqavilə sahəsində sərbəst qazın istehsalı da artacaq.
Bu qazın böyük bir hissəsi Azərbaycan tərəfinə pulsuz veriləcək. Ölkənin Dövlət Neft Şirkəti üçün AÇG-dən hansı həcmdə qazın alınması Rusiyadan idxal olunan yanacaqdan imtina etmək üçün zəruridir?

- Rusiyadan qaz idxalı Azərbaycanın reallaşdıra bildiyi çox gözəl strategiyadır. İdxal Azərbaycana sərfəli olduğu vaxta qədər davam etdiriləcək. Lakin ölkədə daha ucuz qaz mənbələrinin olması idxal olunan yanacağın alınmasını azaltmağa imkan verir. Bizdə bu gün üçün Azərbaycanda qaz alınan 4 mənbə var:

1) ARDNŞ-in özünün istehsalı və biz 2008-09-cu illərə qədər qaz hasilatını 2,5 mlrd. kubmetrə çatdırmaq niyyətindəyik.

2) Azərbaycanın ABƏŞ-dən havayı aldığı sərbəst qaz. "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə müqavidləyə görə, sərbəst qaz operatorlar tərəfindən öz ehtiyacları üçün sərf edilə bilər. Deməli, qazın laylara vurulmağa başlanılan 2006-cı ildən 2024-cü ilə qədər 140 mlrd. kubmetr sərbəst qaz hasil olunacaq ki, bundan da 95 mlrd. kubmetri yenidən laylara vurulacaq. 45 mlrd. kubmetrə yaxın qaz ARDNŞ-ə pulsuz verilməlidir.

Biz bu həcmdə qazın laylara vurulmasının həqiqətənmi zəruri olduğuna əmin olmaq üçün normativlərə baxmaq niyyətindəyik. Hazırda Azərbaycana daha çox sərbəst qazın çatması üçün qazın laylara vurulması qrafikində dəyişikliklərin edilməsinin mümkünlüyünü öyrənirik. Bununla belə, AÇG-dən ildə 2-3 mlrd. kubmetr qaz əldə edəcəyimizə ümidvar ola bilərik.

3) AÇG üzrə BP ilə bağlanmış razılaşma yalnız bu yatağın neft yataqlarının işlənməsini əhatə edir. Sərbəst qaz yataqlarını isə biz ayrıca razılaşmanın mövzusu kimi qoymuşuq. Bu gün "Azəri-Çıraq-Günəşli"də yalnız "fasilə dəstəsi" işlənilir, Kirmakinsk və Kalinsk dəstələri kimi aşağı horizontların isə qazlı laylar olduğu ehtimal edilir. Və əgər aparılan kəşfiyyat qazma işləri nəticəsində sərbəst qaz yataqları aşkar edilərsə, o zaman onlar üzrə ayrıca PSA müqaviləsi bağlanacaq. BP AÇG sərbəst qaz yataqlarının işlənməsinə başlamaqla bağlı təkliflə müraciət edib və danışıqlar ARDNŞ tərəfindən aparılacaq.

Lakin qazın satışı zamanı tamamilə başqa kommersiya şərtləri və iştirak payı olacaq. Əgər biz BP ilə razılaşma əldə edə bilsək, onlar sərbəst qazın işlənməsi üzrə də operator olacaqlar. İlkin qiymətləndirmələrə görə, sərbəst qaz ehtiyatları bir neçə yüz milyardlarla kubmetr təşkil edir.

4) "Şahdəniz" nadir yataqdır və biz BP ilə burada qaz hasilatının həcminin artırılmasını nəzərdən keçiririk. Arzu olunarsa, biz "Mərhələ-1"dən illik qaz hasilatını 9 mlrd. kubmetrə qədər çatdıra bilərik. Bu həcmin 6,6 mlrd.kubmetri bizim Türkiyəyə ixrac üzrə öhdəlikdən ibarətdir.

Mən satış bazarları üçün məsuliyyət daşıyan Statoil-da görüşlər keçirdim və artıq həcmdə hasil olunan və satış üzrə zəmanətlə təmin olunmuş bütün əlavə qazın bazar qiymətlərilə alınması ilə bağlı razılaşma imzalayacağıma zəmanət verdim. Və "Şahdəniz" qazı bizim üçün Rusiya qazından əhəmiyyətli dərəcədə ucuz olacaq. Unutmaq olmaz ki, "Şahdəniz" üzrə tərəfdaşlardan qaz aldığımız zaman bizim üçün əlavə gəlir də mövcuddur. İş burasındadır ki, biz pulu gəlir əldə etdiyimiz öz şirkətimizə ödəyirik.

Daha doğrusu, biz konsorsiuma nə qədər pul ödəsək, dövlətin və ARDNŞ-in payı o qədər də artar. Bu vəsaitdən tutulan pulların hesabına Azərbaycan üçün qazın qiyməti daha az olacaq.

- Gürcüstanın İranla qazın ardıcıl və böyük miqdarda satışı ilə bağlı razılıq əldə edəcəyi halda Azərbaycan Naxçıvana hazırki svop yanacaq satışı nəzərə alınmaqla özü üçün əziyyətsiz keyfiyyətli tranzit təşkil edə bilərmi?

- Astara-Qazıməmməd qaz kəmərinin bu günki texniki xarakteri ildə 1 mlrd. kubmetr qaz nəql etməyə imkan verir. Gürcüstanın İran qazı ilə təmin olunacağı halda problem yanacağın alınmasını və verilməsini təmin edən təzyiq fərqində olacaq. Azərbaycan-İran sərhəddində çıxış təzyiqi 55 atmosfer təşkil edir. Lakin bizim sistemdə bu 17 atmosferdir.

Nizamlama üçün Azərbaycanda təzyiqi aşağı salan stansiyanın tikilməsi zəruridir ki, bu da böyük problem deyil və 2 ay ərzində həll olunması mümkündür. Qazın verilməsini artırmaq üçün çatdırma simlərini artırmaq lazımdır ki, yalnız bundan sonra İrandan ildə 2 mlrd kübmetrə qədər qaz idxal etmək olar. İran qazının Gürcüstana tranziti üçün biz təzyiqin nizamlanması məsələsini həll edə, iranlılar isə onun bir neçə metod vasitəsilə 18-19 atmosferə qədər tənzimləyə bilərlər. Bu müvəqqəti tədbir İran qazının təcili verilməsi üçün 15 gün ərzində qəbul edilə bilər.

Hətta Gürcüstan və İranın qazın "alqısı və satqısı" üzrə uzunmüddətli müqavilə imzalamadıqları halda belə biz İran qazını almaq niyyətində olduğumuzu üçün Azərbaycanda istənilən halda təzyiqi aşağı salan yarımstansiya tikiləcək. Və əgər bu qazın qiyməti Rusiya qazından ucuz olmadığı halda belə, bu bizə müəyyən çeviklik verir.

- Yaxın gələcəkdə xarici investisiyaların cəlb olunması strategiyası necə qurulacaq? Ən çox diqqət dəniz yoxsa quru yataqların işlənməsinə ayrılacaq?

- Burada risqlərə çox dəqiq diqqət yetirmək lazımdır. Əgər risqlərin böyük olduğunu görsək, biz xarici şirkətlərin təkliflərini qəbul etməliyik. Mən hesab edirəm ki, hər bir köhnə quru yatağının işlənməsinə spesifik yanaşmalıyıq və bu gün bizim üçün məhz ərazilərin abadlaşdırılması çox mühümdür. Misal üçün, Honkonq şirkəti Bibiheybət buxtası üzrə çox gözəl layihə təqdim edib. Şirkət, həmçinin, layihəni işlənmək üçün verəcəyimiz təqdirdə 5 il ərzində abadlaşma ilə bağlı bir çox işlər görəcəyini bəyan edib. Azərbaycanın AÇG və "Şahdəniz" kimi iri layihələrdən əsas gəlirlərini alacağı zaman öz işini başa vurmuş köhnə yataqları xarici şirkətlərə aşağıdakı şərtlərlə vermək lazımdır.

Biz onlara neft hasil etməyə imkan veririk. Onlar orada köhnə fondları ləğv etmək və ərazisini maksimum abadlaşdırmaqla öz işlərini müasir qaydada təşkil edirlər. Özü də bü gün dünyada artıq belə bir təcrübə mövcuddur. Düşünürəm ki, qurudakı yataqlara məhz belə nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Çünki biz oradan xüsusi mənfəət göz
ləmirik.

Xəbər lenti

Xəbər lenti