...

Azərbaycanın Gürcüstandakı səfirliyi bəyanatla çıxış edib

Siyasət Materials 20 Fevral 2006 19:44 (UTC +04:00)

"Son vaxtlar Ermənistan Respublikasının rəsmi strukturları tərəfindən erməni lobbisinin dəstəyilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (NMR) Culfa rayonu ərazisində guya "erməni" qəbristanlığının dağıdılması barədə dünyaya yalan məlumatlar yayılmasına cəhd edilir. Trend bildirir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin fevralın 20-də yaydığı məlumatda bu barədə deyilir.

"Bununla əlaqədar olaraq Azərbaycan tərəfi rəsmən bəyan edir ki, Azərbaycan Respublikasının Naxçıvan MR-in Culfa rayonu ərazisində ümumiyyətlə erməni qəbristanlığı yaxud digər erməni dini və qeyri-dini abidələri mövcud olmayıb. NMR ərazisində məskunlaşmış ermənilərin əksəriyyəti Ermənistanla coğrafi baxımdan yaxınlıq olduğu üçün qonşu Ermənistandakı qəbristanlıqlarda dəfn olunmağa üstünlük veriblər. Ermənilərin yalnız az bir hissəsi digər xristianlarla yanaşı Muxtar Respublika ərazisindəki ümumi qəbristanlıqlarda dəfn olunub. Culfa rayonu Cuğa qəbristanlığı ərazisində olan daş xaçlara gəlincə, bunların mənşəyi dövlət dini xristianlıq olan, eyni zamanda azərbaycanlıların ulu babalarından olmuş albanlara məxsus Alban dövlətinə aiddir. Həmin qəbristanlıq Azərbaycanın mədəni irsinə məxsusdur və dövlət tərəfindən qorunur".

Kavkaz-Press bildirir ki, bəyanatda xüsusilə qeyd olunur: "Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan ərazisində Azərbaycan əhalisinin zorla qovulduğu vaxtadək kompakt yaşadığı yerlərdə olan qədim dini və tarixi abidələrə, məscidlərə, qəbristanlıqlara qarşı ermənilər tərəfindən vəhşiliklər törədilib. Eləcə də Dağlıq Qarabağ və Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərində olan müsəlman və Azərbaycanın tarixi abidələri eyni aqibətlə üzləşib. Ermənistan tərəfinin bu hərəkətləri Azərbaycanın mədəni irsinə ölçüyəgəlməz dərəcədə ziyanlar vurub. Ermənistan, keçmiş İrəvan xanlığı ərazisində 180 məscid dağıdılıb. 500 qəbristanlıq, muzeylər, 969 kitabxana, 850 musiqi məktəbi, 4 teatr, 4 konsert zalı və digər memarlıq-mədəniyyət abidələri vəhşiliyə məruz qalıb".

Xəbər lenti

Xəbər lenti