...

Eldar Mahmudov: "Azərbaycanla Rusiyanın xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq yüksək səviyyədədir"

Siyasət Materials 13 Mart 2006 12:17 (UTC +04:00)

Azərbaycanla Rusiyanın xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Trend "Azərtac" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Moskvada rəsmi səfərdə olmuş Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov səfərin yekunlarına dair azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

E.Mahmudov səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamada səfərdən məmnun qaldığını bildirib. "Moskvaya ilk səfərimin yekunlarını çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, xüsusi xidmət orqanlarımız arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir. Qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı səmərəli danışıqlar aparıldı. Regionda vəziyyət barədə geniş fikir mübadiləsi aparıldı, habelə gələcək əməkdaşlıq haqqında birgə protokol imzalandı" - deyə E.Mahmudov söyləyib.

Nazir bildirib ki, Azərbaycan və Rusiya daha sıx əməkdaşlıqda və ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır. Rusiya Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir. Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi arasında bir sıra sənədlər imzalanıb. Əməkdaşlıq bu sənədlər əsasında həyata keçirilir, daim fikir və informasiya mübadiləsi aparılır.

E.Mahmudov xüsusi vurğulayıb ki, ötən il Azərbaycanda adam oğurluğu ilə məşğul olmuş iri cinayətkar qruplaşma zərərsizləşdirilib. Bu qruplaşmanın Rusiya ərazisində gizlənmiş iki üzvü həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq Azərbaycana təhvil verilib. "Biz rusiyalı həmkarlarımızla münasibətlərdən və əməkdaşlıqdan çox razıyıq. Bu əlaqələri gələcəkdə də davam etdirəcəyik" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti