...

İqbal Ağazadə: "Ümid Partiyasının qurultayında sədrin konkret səlahiyyət müddəti müəyyən ediləcək"

Siyasət Materials 5 Sentyabr 2006 13:12 (UTC +04:00)

Azərbaycanın müxalifət düşərgəsini təmsil edən Ümid Partiyasının qurultayı bu il oktyabr ayında keçiriləcək. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

O, bildirib ki, qurultayda partiya ilə bağlı bir sıra ciddi dəyişikliklər baş verəcək. Partiya sədrinin seçilməsi, sədrlik müddətinin məhdudlaşdırılması məsələlərinə yenidən baxılacaq və bunlarla bağlı Nizamnaməyə dəyişiklik ediləcək. İ.Ağazadənin sözlərinə görə, partiya sədrinin bu vəzifədə təmsil olunması ilə bağlı konkret səlahiyyət müddəti müəyyən ediləcək.

Qurultayın oktyabr ayında keçiriləcəyini deyən partya sədri əlavə edib ki, əvvəlcə qurultay sentyabr ayına planlaşdırılırdı. Lakin rayon təşkilatlarında konfranslar hələ başa çatmayıb və yerli qurumların toplantılarına süni maneələr yaradılır. Buna görə də konfransların yekunlaşması və qurultayın təşkili işi yubanır. İ.Ağazadə onu da bildirib ki, qurultayın keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməyəcək: "Bizim qurultay keçirmək üçün yer problemimiz olmayacaq. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinə bizə hansısa bir yeri ayırması üçün müraciət etməyəcəyik".

Xəbər lenti

Xəbər lenti