Ukraynanın müdafiə naziri Anatoli Qritsenko proqnozlaşdırır ki, 2007-ci ilin ortalarında "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"a üzv ölkələr sülhməramlı kontingent yaradacaq. Bu barədə Trend UNİAN-a istinadən xəbər verir.
"Düşünürəm ki, bu, 2007-ci ilin I yarısında baş verəcək", - deyə nazir bildirib. O qeyd edib ki, bununla bağlı artıq bir neçə görüş keçirilib. A.Qritsenkonun sözlərinə görə, bu kontingentin strukturu və məqsədləri işlənib. Bununla belə, nazir qəti qərar qəbul edilənədək onları açıqlamaqdan imtina edib.
A.Qritsenko vurğulayıb ki, qarşıda GUAM ölkələrinin müdafiə nazirləri qərar qəbul etməlidir, daha sonra bu qərar dövlət başçılarının muzakirəsinə çıxarılacaq.
30 may tarixində Ukrayna və Azərbaycanın müdafiə nazirləri "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" çərçivəsində birgə sülhməramlı bölmənin yaradılması imkanlarını müzakirə edib. Daha sonra Ukraynanın müdafiə naziri qeyd edib ki, GUAM sülhməramlı kontingenti yaradılarsa, öz vəzifələrini BMT və ya ATƏT-in mandatı üzrə yerinə yetirəcək.
"Dəqiq deyə bilərəm ki, bu bölmə sülhməramlı vəzifələrini BMT və ya ATƏT-in mandatı üzrə yerinə yetirmək üçün yaradılacaq", - deyə A.Qritsenko bildirib.