...

Nazir: Azərbaycan Qazaxıstandakı infrastruktur layihələrinə sərmayə qoyuluşunda maraqlıdır

Siyasət Materials 12 Dekabr 2006 16:28 (UTC +04:00)
Nazir: Azərbaycan Qazaxıstandakı infrastruktur layihələrinə sərmayə qoyuluşunda maraqlıdır

Trend in Astanadakı xüsusi müxbirinin Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Qazaxıstan arasında hazırkı ticari-iqtisadi münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın karbohidrogenləri var - bu, mühüm ixrac xammalıdır və belə ehtiyatlara malik olan ölkələrimiz əmtəə dövriyyəsinin artırılması üçün digər imkanlar axtarıb tapmalıdır.

2005-ci ildə Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi 2004-cü illə müqayisədə aşağı düşdü. Lakin 2006-cı il ümid verir. Və bizdə və Qazaxıstanda olan məlumata görə, artım artıq 65%-dən çoxdur. Lakin bu da bizim Qazaxıstanla olan potensialımıza uyğun deyil. Ona görə də biz buradayıq. Biz iş adamlarını gətirmək qərarına gəldik. Mənimlə 25 şirkətin nümayəndələri gəlib. Belə biznes-forumların keçirilməsi hökümətlərarası sazişlərdə nəzərdə tutulub və indi tərəflərimiz Azərbaycan və Qazaxıstanın biznes-cəmiyyətləri arasında lazımi əlaqələri qaydaya salmaq üçün işi məqsədyönlü şəkildə görəcəklər. Hökümətlərarası qərar və dövlət satınalmaları əsasında ticarət edilən vaxtlar artıq keçir və bu gün real surətdə iki ölkənin iş adamlarını əməkdaşlıqda maraqlandırmaq lazımdır.

- Sizin fikrinizcə, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün hansı tədbirləri görmək lazımdır?

- Astana səfəri zamanı mən Qazaxıstanın sənayə və ticarət naziri Vladimir Şkolniklə, "Kazın"ın başçısı Kayrat Kelimbetov və iqtisadiyyat naziri Aslan Musinlə görüşdüm. Biz qərara gəldik ki, Azərbaycan Qazaxıstanın bizim ölkəyə yaxın yerləşən dörd vilayətinə dair daha aqressiv siyasət aparmalıdır.

Biz, kiçik ölkə olaraq, Qazaxıstan kimi ərazi cəhətdən böyük ölkənin bütün bölgələrində öz maraqlarımızla iştirak edə bilmərik. Ona görə də bizim ölkəmizin başlıca nöqtələri maliyyə mərkəzi kimi Astana, Almata və Xəzər vasitəsilə həmsərhəd olan vilayətlər - Manqistau və Atırau vilayətləri olacaq. Bu vilayətlərdə dəniz bizim ümumi maraq mövzumuzdur.

Bu gün mən Aktaunun akimi ilə danışdım və o söz verdi ki, bizim iş adamları və dövlət qurumları üçün bölgənin imkanlarının təqdimatını hazırlayacaqlar: bu, Azərbaycan Dövlət Neft Şirkəti və Xəzər dəniz gəmiçiliyi ola bilər.

Əməkdaşlığın daha bir istiqaməti idarələrarası münasibətdir. Çünki biz eyni yolla gedirik və bizim tariximiz də oxşardır, halbuki hər birimiz ayrı-ayrı mərhələlərdəyik: sizin ölkəniz daha sabit inkişaf edir, bizdə ərazilərimizin bir hissəsi Ermənistanın blokadası altındadır, prezident Heydər Əliyevin hakimiyyətə gəlməyindən əvvəl keçid dövrü ilə əlaqədar müəyyən xaos da var idi. Bu çətin dövr idi və mənə, iqtisadi inkişaf naziri kimi, xoşdur ki, biz islahatlarda geri qalmırıq, Dövlət Neft Fondunun yaradılması, büdcə planlaşdırılmasının dəyişdirilməsi kimi bəzi məsələlərdə isə bir qədər irəliləmişik.

Bizdə ÜDM-in çox yüksək artım dinamikası var. Bu sevindirici haldır, lakin həm də əhalinin gəlirinin yeyilməməsi üçün inflyasiyanın qarşısının alınması üzrə üzərimizə öhdəliklər də qoyur.

- Siz Astanaya hazırki səfərinizdən nə gözləyirsiniz?

- Gözləntilər - şirkətlərin mülkiyyət formasından asılı olmayaraq, əməkdaşlıq üzrə yeni real konkret layihələrdir. Real olaraq indiki müqavilələrimizin əmtəə dövriyyəsinin həcmində öz əksini tapmasını gözləyirik.

Biz - dövlət xadimləri əməkdaşlığa yardım etməli, bizim ticari-iqtisadi münasibətlərimizin siyasi münasibətlərimizin səviyyəsində olması üçün əlimizdən gələni etməliyik.

- Cavab olaraq Bakıda biznes-forumun keçirilməsi nəzərdə tutulurmu?

- Bəli. Yaxın bir neçə ay ərzində Qazaxıstanın dövlət məmurlarının, rəhbərlərinin, işgüzar dairələrinin Bakıya cavab səfəri olacaq. Ölkəmiz xüsusi geosiyasi mövqe tutur və Qazaxıstan öz karbohidrogenlərinin alternativ ixrac yollarının inkişafında maraqlıdır, Azərbaycan isə infrastruktur layihələrindən kənd təsərrüfatı layihələrinədək maraq doğurur.

Sizin ölkənizdə müəyyən bölgələrin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi ilə bağlı bəzi problemlər var. Sizdə kənd təsərrüfatı məhsullarının keyfiyyəti, onların emalı çox yüksəkdir və Qazaxıstan şirkətləri kənd təsərrüfatının bol olduğu bölgələrimizdə bu layihələrə başlaya bilərlər.

- Konkret yeni sazişlərin imzalanması nəzərdə tutulubmu?

- Bizdə artıq kifayət qədər çox - təxminən 73 imzalanmış saziş var. Dünyada çox az ölkə var ki, biz onlarla qarşılıqlı münasibətləri nizamlayan bu qədər əməkdaşlıq haqqında saziş imzalamışıq. Lakin əgər yenə də sazişlər yaransa, o zaman mən düşünürəm ki, onlar razılaşdırılaraq imzalanacaq.

- Azərbaycanın Qazaxıstan layihələrinə sərmayə qoyması nə dərəcədə mümkündür?

- Biz bu məsələni forumdan əvvəl iqtisadiyyat naziri Musin və sənaye və ticarət naziri Şkolniklə də müzakirə etmişik. Bu mümkündür. Onlar Azərbaycan tərəfinə mənim yuxarıda sadaladığım bölgələrdə infrastruktur layihələrində və yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da maraqlıdır. Və mən düşünürəm ki, biznes-forum bəhrəsini verməlidir və əməkdaşlıq real olaraq başlayacaq.

- Azərbaycan və Qazaxıstan iqtisadiyyatı bu gün karbohidrogen ixracından xeyli asılıdır. Ekspertlər tez-tez Hollandiya xəstəliyindən danışırlar. Sizin ölkənizdə iqtisadiyyatın diversifikasiyası üçün hansı addımlar atılır?

- Biz prezident və hökümətin qəbul etdiyi qərarları sadəcə olaraq bildirmir, real olaraq həmin qərarlar vasitəsilə işləyirik, rəqabət qabiliyyətli qeyri-neft sektoru yaradırıq. Biz hazırda Hollandiya sindromunun qorxulu əlamətlərini müşahidə etmirik. İnflyasiya 8 və 9 faiz arasında qalır - bu, inkişaf edən iqtisadiyyat üçün normaldır. Azərbaycan milli valyutası da təhdidedici templərlə möhkəmlənmir, bu da normaldır.

Biz valyutanın ölkəyə daxil olmasının və ya sosial xərclərin qarşısını ala bilmərik və istəyirik ki, AB-dəki kimi yollarımız və tibbi xidmətimiz olsun. Və biz qeyri-neft iqtisadiyyatının yaradılması, o cümlədən güzəştli kreditlər verməklə kiçik və orta sahibkarlığa yardım etmək üçün vəsait sərf edirik, bu da təbii ki, inflyasiyaya təsir göstərir. Bu, bizdə təlaş yaradır və mənfi təzahürlərdən qaçmaq üçün tədbir görürük.

- AB standartlarına yaxınlaşmaq üçün sizin ölkənizdə hansı siyasi və iqtisadi islahatlar aparılır?

- Əgər AB standartlarının ən düzgün standart olmasını əsas kimi qəbul etsək, o zaman öz gündəlik işimiz, islahatlar, hökümətin, parlamentin və prezidentin qərarları - hər şey yaxşı şəraitin yaradılması və AB-yə yaxınlaşmağa yönəldilib. Lakin biz öz qarşımıza AB standartlarına yaxınlaşmaq kimi qlobal məqsəd qoymuruq, bu oyun və ya 100 metrəyə qaçış deyil.

Bizdə çoxlu sosial məsələlər var və Ermənistanın ərazilərimizi işğal etməsi, qaçqınlar və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR-lə bağlı məsələləri həll etməliyik. Və biz hər şeyi real vəziyyətə əsaslanaraq edirik, qarşımıza məqsəd qoymuruq.

ÜTT-yə daxil olmağı qarşımıza məqsəd kimi qoymamıza baxmayaraq, bu qərar yalnız bizdən asılı deyil, bu- danışıqlar prosesidir. Biz öz qanunvericiliyimizi hazırlayırıq və ümid edirik ki, 2007-ci il Azərbaycanın ÜTT-yə daxil olmasında həlledici il olacaq.

- Siz Azərbaycandakı investisiya iqlimini necə qiymətləndirirsiniz?

- Prezident Heydər Əliyev dəfələrlə bildirib ki, biz yalnız neft-qaz sektorunda deyil, bir çox başqa sahələrdə də xarici investorları Azərbaycanda görməkdə maraqlıyıq. Bu məqsədlər üçün "Azərbaycan investisiya şirkəti" SC yaradılıb və onun məqsədi investorların tərəfdaşı olmaq, baş səhmdar deyil, 20 və 25% həcmində kiçik sayda səhmlə də olsa, hər zaman onların yanında olmaq və lazım gələrsə, dayaq verməkdir.

Biz həm xarici, həm də yerli sərmayələrdə maraqlıyıq. Bu il ilk dəfə olaraq yerli sərmayələrin həcmi xarici sərmayələrdən çoxdur. Bu bizi sevindirməyə bilməz, belə ki, yerli sərmayələr hər zaman daha etibarlıdır, hər dəqiqə dəyişikliklərə məruz qalmırlar.

Xəbər lenti

Xəbər lenti