Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan-Turkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Bu barədə cümə günü Bakıda Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcunla görüşündə bildirib.
Əsədov bildirib ki, iki dost və qardaş ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və möhkəm siyasi iradə nəticəsində Azərbaycan-Türkiyə dostluğu yüksək səviyyəyə çatıb: "Bu dostluğun daha da dərinləşməsi prezident İlham Əliyevin daim diqqət mərkəzindədir".
O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq parlamentlər səviyyəsində də davam edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir: "Azərbaycan və Türkiyəni təmsil edən deputatlar müxtəlif beynəlxalq təşkilatlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər".
Milli Məclisin sədri qeyd edib ki, Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 2 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırıblar: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz xətti, Qars-Axalkalaki-Bakı dəmiryolu kimi qlobal layihələr bölgədə ölkələrimizin mövqeyini daha da möhkəmləndirib".
Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcun bildirib ki, müxtəlif sahələrdə olduğu kimi, Azərbaycan-Türkiyə münasibətləri hüquqi dövlət quruculuğu sahəsində də uğurla inkişaf etdirilir.
Tuğcu təmsil etdiyi qurumla Azərbaycanın müvafiq orqanları arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə öz fikirlərini açıqlayıb.