...

Müxalifətçi partiyanın İranın Bakıdakı səfirliyi qarşısında növbəti piket cəhdi baş tutmadı

Siyasət Materials 25 May 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İranın Bakıdakı səfirliyi qarşısında cümə günü keçirmək istədiyi piketi baş tutmayıb. Partiya fəalları İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, onlara dəstək məqsədilə növbəti dəfə səfirlik qarşısında etiraz aksiyasına cəhd göstəriblər.

Polis əməkdaşları tərəfindən piket iştirakçılarının İran səfirliyinin binasına yaxınlaşmasına imkan verilməyib. Aksiyaçılardan təxminən 10 nəfəri polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Piketin qətnaməsinin oxunması və İran səfirliyinə təqdim edilməsinə də imkan verilməyib.

Qətnamədə İran hakimiyyətinin şovinist siyasətinə son qoyulması, Güney azərbaycanlılarına qarşı təqiblərin, təzyiqlərin dayandırılması, həbsdə saxlanılan milli hərəkat fəallarının azadlığa buraxılması, Güney azərbaycanlılarının konstitusion, milli hüquqlarının tanınması, hörmətlə yanaşılması tələb olunur.

Müxalifəti təmsil edən sağ təmayüllü AMİP 1992-ci ildə yaradılıb. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti