...

"Barmek"in prezidenti: " Bəzi kiçik məmurlar işıq pullarını ödəmədiyi üçün bu gün mən və arkadaşlarım buradayıq"

Cəmiyyət Materials 12 Sentyabr 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bəzi kiçik məmurlar işıq pullarını ödəmədiyi üçün etdiyim çıxışlara və bəziləri isə, istədiklərini "Barmek"dən ala bilmədikləri üçün bu gün mən və arkadaşlarım buradayıq. Bu bəyanatla çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilıə keçirilən prosesdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul çıxış edib.

Arabul son sözündə özünün və şirkətin həbsdə olan əməkdaşlarının təqsirsiz olduğunu bildirib.

Türkiyəli iş adamı ibtidai istintaq zamanı 366 şahidin dindirildiyini, məhkəmə istintaqı zamanı isə 56 şahidin ifadə verdiyini diqqətə çatdırıb: "Məhkəməni digər şahidlər maraqlandırmayıb. Onların sırasında elə şahidlər var ki, ittihamı ifşa edən çıxışlar edəcəkdilər."

Arabul 262 səhifəlik çıxışını və "Barmek"in fəaliyyətini əks etdirən foto- albomu məhkəməyə təqdim edib.

Proses saat 14-də Arabulun çıxışı ilə davam etdiriləcək.

İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib.

İstintaqla müəyyən olunub ki. müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçılar hesabına həyata keçirilib.

İttihama görə, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul- 9 milyon 143 min 940 AZN dəyərində özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.

Şirkətin prezidenti Hüseyn Arabula Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2) və vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs və digər qıti imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti