...

Məhkum böyrək çatışmazlığından xəstəxanada dünyasını dəyişib

Cəmiyyət Materials 23 Yanvar 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun həyatına sui-qəsddə günahkar bilinən məhkum böyrək çatışmazlığından xəstəxanada dünyasını dəyişib.

Arif Aslanov dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı, satışı, daşınması və saxlanması, saxta pul əskinaslarının satışı, döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi və saxlanıması cinayətlərində günahlandırılaraq 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Penitensiar Xidmətin Baş İdarəsindən çərşənbə günü Trend ə bildirilib ki, Aslanov böyrək çatışmazlığından əziyyət çəkirdi. Xəstə olduğundan o, Müalicə Müəssisəsinə köçürülüb. Müəssisədə lazımi şərait olmadığından Aslanov həftədə 3 dəfə dializ olunmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına aparılırdı.

Məhkum çərşənbə axşamı saat 23 radələrində xəstəxanada dünyasını dəyişib.

Aslanovun vəkili İsaxan Aşurov Trend ə bildirib ki, müdafiə etdiyi şəxsin ölümündə məhkəmə günahkardır. Vəkilin sözlərinə görə, Aslanovun səhhəti ağır olduğu halda məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçib.

Vəkil bildirib ki, Aslanovun işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib və bu iş icraata götürülsə də, Azərbaycan dövləti ilə komunikasiya hələ başlanmayıb. Şikayətdə Aslanovun Konvensiya ilə qorunan yaşamaq və işgəncələrin qadağan olunması hüquqlarının pozulduğu qeyd olunub.

Xəbər lenti

Xəbər lenti