Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Sabah Azərbaycanın Mingəçevir şəhərində akademik avarçəkmə, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ölkə çempionatının startı veriləcək. Bu barədə cümə axşamı Trend a Azərbaycan Avarçəkmə Federasiyasının (AAF) mətbuat xidməti məlumat verib.
Üç gün davam edəcək yarışlar "Kür" Təlim-Tədris Mərkəzində olacaq. Birincilikdə 18, 23 və daha yuxarı yaş qrupları üzrə idmançılar mübarizə aparacaq.
Akademik qayıqlarda avarçəkənlər 2000, kayak və kanoe qayıqlarında avarçəkənlər isə 200, 500 və 1000 metr məsafələri qət etmək üçün yarışacaqlar. 9-10 mayda ilkin və yarımfinal keçidləri, 11 mayda isə final keçidləri olacaq.
Açılış mərasimi sabah saat 10.00-da olacaq.
Azərbaycanın akademik avarçəkmə üzrə 18 yaşlılardan ibarət yığma komandası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə start götürəcək beynəlxalq turnirdə iştirak edəcək. "Kiyev reqatası"nda 7 azərbaycanlı idmançı mübarizə aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]