...

Azərbaycanın diaspor təşkilatlarının Xartiyası yaradılır

Cəmiyyət Materials 4 İyul 2008 13:13 (UTC +04:00)
Azərbaycanın diaspor təşkilatlarının Xartiyası yaradılır

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir E.Babayev/ Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyasının yaradılması üçün iş aparır. "Xartiya bütün dünyada yaşayan azərbaycanlıları, diaspor təşkilatlarını birləşdirmək məqsədilə formalaşdırılır və bu, bir təşkilat formasında olacaq", cümə günü Trend -a Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.

Trend -un arayışı: Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycan prezidenti Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli 730 nömrəli Fərmanı ilə yaradılıb. Komitə xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, onlarla əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini dövlət orqanlarının və qeyri-hökumət təşkilatların bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hacıyev bildirib ki, Avropada Avropa Azərbaycanlıları Konqresi, Rusiyada Rusiya Azərbaycanlıları Konqresi, o cümlədən digər ölkələrdə belə qurumlar yaradılıb. "Məqsəd ondan ibarətdir ki, bütün qitələrdə yaradılan konqreslər Dünya Azərbaycanlılarının Xartiyası adı altında birləşsinlər. Yəni bütün diaspor təşkilatları dünyanın harasında fəaliyyət göstərmələrindən asılı olmayaraq, bir-birləri ilə əlaqələrinin daha sıx olması və ümumilikdə hər hansı bir ideyanın həyata keçirilməsində mərkəzləşdirilmiş fəaliyyət həyata keçirsinlər", - Hacıyev əlavə edib.

Onun sözlərinə görə, Xartiyanın yaradılmasında əsas məqsəd Azərbaycanın dostlarının sayını artırmaq və nəticə etibarilə lobbinin yaradılmasına nail olmaqdır. Hacıyev hesab edir ki, Azərbaycanın güclü lobbisinin olmasından ötrü xarici ölkələrdə Azərbaycanın dostlarının sayı artırılmalıdır.

"Biz diaspor təşkilatlarımızın təşkilatlanması işini bitirmişik. Bu gün Azərbaycan diasporunun güclənməsi, gəncləşməsi prosesi gedir. Xaricdə təhsil alan tələbələrimizin iştirakı ilə təşkilatlar, forumlar yaradırlar", - deyə o əlavə edib. Komitə sədrinin birinci müavini onu da bildirib ki, Xartiya Azərbaycan diasporunun fəaliyyət konsepsiyasına uyğun fəaliyyət göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti