...

Müğənni Reyhan Müslümova unudulub?

Cəmiyyət Materials 22 İyul 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul / TrendLife müxbir Şahin Cavadsoy/

Altı il bundan öncə plastik əməliyyat olunarkən, cərrah bıcağı altında dünyasını dəyişən müğənni Reyhan Müslümova unudulub. Bunu sənətçinin oğlu Emin Vəlixanlı TrendLife-a verdiyi açıqlamasında dilə gətirib: "Anam 53 yaşında məlum səbəblər ucbatından dünyasını dəyişib. O vaxtlar bir neçə sənətçilər bizimlə maraqlansa da indi artıq kimsənin yadına düşmürük. Nə qədər ki, bəstəkar Ramiz Mirişli Dövlət Televiziyasında işləyirdi, heç olmasa ara bir mərhum anamın video lentə yazılmış mahnılarını səsləndirirdi. Qəribədir, məgər Reyhan Müslümova Azərbaycan incəsənəti üçün heç bir iş görməyib? Çəkildiyi "Dəli Kür" filmi kifayətdir ki, hamı ona baxanda anamın aktrisa bacarığına heyran olur. Acınacaqlı orasındadır ki, dövlət tərəfindən də onu yad edənlər tapılmır. Ölümünə bir-iki ay qalmış anama əməkdar artist fəxri adını vermək istəyirdilər. Lakin özü razılaşmadı. Çünki həmin vaxt bir qrup gənc müğənni də həmin fəxri ada layiq görülmüşdü. Heç xalq artisti də olmaq istəmirdi. Deyirdi ki, "mən xalqımın artistiyəm".

Reyhan Müslümovanın gələn ilin 19 sentyabrında 60 illik yubileyini keçirəcəyini söyləyən Emin, hazırlıq işlərinə indidən başladığını da gizlətmədi: "2004-cü ildə "Mən həyatda olmayanda" adlı musiqili diskini yerli studiyaların birinin köməkliyi ilə ərsəyə gətirmişdim. Bundan əlavə konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirmişdim. Fikrim var ki, 60 illik yubileyi təmtəraqlı şəkildə qeyd edim. Sözsüz ki, xatirə gecəsi keçirməyə çalışacağam. Bu işlərin əziyyətli, çox vaxt aparmasına baxmayaraq, Reyhan Müslümovanın unudulmaması üçün nə lazımdırsa edəcəyəm. Bəli orta nəslin nümayəndələri, anamın yaradıcılığına çox gözəl bələddilər. Amma ola bilsin ki, bir çox gənclər bu sənətkar haqda o qədər də geniş informasiyaya malik deyillər. Əminəm ki, onlar da Reyhan Müslümovanın kim olduğunu yaxından öyrənəndən sonra, onun yaradıcılığına əsla biganə qalmayacaqlar".

Sonda E.Vəlixanlı, TrendLife-a təşəkkür etməyi də özünə borc bildi: "Ötən bu illər ərzində heç bir jurnalist anamla maraqlanmayıb. Sizə minnətdaram ki, Reyhan Müslumovanın timsalında, unudulmaq üzrə olan sənətkarları yad edirsiniz. Bu işdə sizə uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti