Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Gələn ilin sonunadək Azərbaycanda iki cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək.
Trend -un məlumatına görə, bu haqda cümə axşamı jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.
Nazir müavini bildirib ki, Bakının Kürdəxanı yolunun üstündə tikilən istintaq təcridxanası və Şəkidə inşa olunan qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir.
Ələkbərov deyib ki, müəssisələrin paytaxtın mərkəzində yerləşməsi məhkumların cəza prosesində problemlər yaradır.
"Müəssisələrin yaşayış binalarının əhatəsində yerləşməsi problemlər yaradır. Məhkumlar azadlıqda yaşayanlarla ünsiyyətə girə, hansısa işarələr verə bilərlər", - deyə nazir müavini vurğulayıb.
Mərkəzdə yerləşən müəssisələrin paytaxdan kənar ərazilərə köçürülməsi prosesi çərçivəsində Bakıdakı 1 və 3 saylı istintaq təcridxanaları yeni istintaq təcridxanasına köçürüləcək.
Yaxın gələcəkdə qadın və uşaq cəzaçəkmə müəssisələrinin təcridxananın yerləşdiyi əraziyə köçürüləcəyi nəzərdə tutulub. Həmin ərazidə Avropa standartlarına uyğun qadın və uşaq cəzaçəkmə müəssisələri inşa olunacaq.
Ələkbərov paytaxtda yerləşən cəzaçəkmə müəssisələrinin regionlara köçürülməsi prosesinin davam etdiyini deyib və bildirib ki, Şəki və Lənkəranda Avropa standartlarına uyğun cəzaçəkmə müəssisələrinin inşası aparılır. Müəssisə kompleksinə istintaq təcridxanası, ümumi və ciddi rejimli, həmçinin qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar aiddir.
Naxçıvanda inşa olunan cəcazəkmə müəssisəsi isə bu ilin yayında istifadəyə verilib.
Xidmətin rəisi bildirib ki, Azərbaycanın şimal regionu üçün Dəvəçi rayonunda belə bir müəssisənin inşasına yer ayrılıb. Qarışıq rejimli müəssisə Penitensiar Xidmətin həmin rayonda yerləşən açıq tipli müəssisəsinin ərazisində inşa olunacaq.
Nazir müavini deyib ki, inşa olunan müəssisəslər Avropa ölkələrində olduğu kimi kamera tipli nəzərdə tutulub. "Yeni müəssisələrdə məhkumlar 2, 4, 6 nəfərlik kameralarda saxlanılacaq. Sovet dövründən qalmış yataqxana rejimindən uzaqlaşacağıq", - deyə Ələkbərov vurğulayıb.
Qobustan qəsəbəsində yerləşən həbsxanasının əvəzinə Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxananın inşasına başlanılıb.
Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]