...

Siyasi partiyalar azərbaycanlıların Ermənistandan deportasiya olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlayırlar

Cəmiyyət Materials 4 Dekabr 2008 15:01 (UTC +04:00)
Siyasi partiyalar azərbaycanlıların Ermənistandan deportasiya olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlayırlar

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamentində təmsil olunan siyasi təşkilatlar hesab edirlər ki, azərbaycanlıların Ermənistandan deportasiya olunmasına siyasi və hüquqi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməlidir.

"Biz azərbaycanlıların Ermənistandan deportasiya olunması faktının beynəlxalq təşkilatlar tərəfindən etiraf olunması istiqamətində fəaliyyət göstərməliyik", - bu barədə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasının 20 ilinin tamam olması ilə bağlı keçirilən tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.

Trend -un məlumatına görə, YAP-ın təşkilatçılığı ilə keçirilən tədbirdə parlamentdə təmsil olunan siyasi partiyalar iştirak ediblər.

1988-ci ildə 250 minə yaxın azərbaycanlı erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından deportasiya olunub.

Əhmədov qeyd edib ki, Ermənistanın əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasəti 20 il əvvəl başa çatıb.

"20 il əvvəl sonuncu azərbaycanlı ailəsi Ermənistandan deportasiya olundu. Nəticədə qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində bir nəfər də olsa azərbaycanlı qalmayıb. Ermənistan yalnız bir millətdən ibarət olan mono etnik dövlətə çevrilib. Bu isə onu göstərir ki, ermənilər digər xalqlara və millətlərə qarşı dözümlü deyillər", - deyə YAP rəsmisi əlavə edib.

Əhmədov vurğulayıb ki, azərbaycanlılar 1905, 1918,1988- ci illərdə etnik münaqişə zəmnində Ermənistandan deportasiya olunublar. Lakin 1948-53-cü illərdə deportasiya həyata keçirilən zaman azərbaycanlılar və ermənilər arasında heç bir etnik münaqişə mövcud olmayıb: "Həmin illərdə azərbaycanlıların Ermənistandan deportasiya olunmaları üçün heç bir əsas yox idi. azərbaycanlıların deportasiyası Ermənistan və SSRİ rəhbərlərinin həyata keçirdiyi məqsədyönlü siyasəti idi".

Parlamentdə müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu bildirib ki, azərbaycanlıların Ermənistandan deportasiyası üzrə dövlət komitəsi yaradılmalıdır.

"Həmin komitə vasitəsi ilə beynəlxalq təşkilatlar qarşısında Ermənistanın deportasiyaya məruz qoyduğu azərbaycanlılara kompensasiya verməsi məsələsi qaldırılmalıdır. Eyni zamanda deportasiyaya məruz qalan insanlar təşkilatlanmalı və onların icması yaradılmalıdır. Bu, beynəlxalq səviyədə mübarizəyə kömək edər ", - deyə Qəzənfəroğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti