...

Korrupsiya cinayətlərində ittiham olunmuş Azərbaycanın sabiq səhiyyə naziri xəstəxanaya köçürülüb

Cəmiyyət Materials 12 Dekabr 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Korrupsiya cinayətlərində ittiham olunmuş Azərbaycanın sabiq səhiyyə naziri cümə günü xəstəxanaya köçürülüb.

Bu barədə Trend - a sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveyis Şahverdi məlumat verib.

Vəkil bildirib ki, Əli İnsanov bu gün saat 16.00 radələrində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan Hökumətinə İnsanovun müalicəsini təmin etmək, onu xəstəxanaya yerləşdirmək və diaqnoz qoyulması üçün müstəqil tibbi ekspertlərin iştirakı ilə komissiya təyin etmək tələbi ilə məktub göndərib.

Avropa Məhkəməsi bu tələbin həyata keçirilməsi üçün Azərbaycan hökumətinə dekabrın 20 - dək vaxt verib.

Şahverdinin sözlərinə görə, İnsanovun müayinəsi üçün onun istədiyi 3 həkim ekspertin iştirakı ilə 6 nəfərlik Komissiya yaradılacaq.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə, Trend -a cümə axşamı bildirib ki, sabiq nazirə müstəqil ekspertlərin iştirakı ilə diaqnoz qoyulması məsələsinə Müalicə Müəssisəsində baxılacaq.

İdarə rəisinin sözlərinə görə, İnsanova dəfələrlə xəstəxanaya köçürülmək təklif olunsa da, o, müxtəlif əsaslarla bundan imtina edib.

Sabiq nazir onurğasındakı "yırtıq"dan əziyyət çəkir.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005 - ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri Əli Insanov 2008 - ci ildə məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla, 11 il azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti