...

Azərbaycan şairəsinin Türkiyədə çap olunmuş kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 15 Dekabr 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 dekabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhərinin Mərkəzi Kitabxanasında bazar ertəsi şairə Xəzangül Hüseynovanın Türkiyədə nəşr edilmiş "Bitmeyen hazan" adlı şeirlər kitabının təqdimatı keçirilib.

Azərbaycanın tanınmış şairəsi Xəzangül Hüseynovanın Türkiyədə "Bitmeyen hazan" adlı şeirlər kitabı çap edilib. Ankaranın Bengü nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru Cihan Özdəmirdir.

Xəzangül Hüseynova ilə Türkiyə oxucuları 1989 - cu ildən tanışdılar. Şeirləri Ankarada "24 saat", "Kiçik çəkməci", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda, İraqda çıxan Yurd" qəzetində şeirləri dərc olunub.

"Bitməyən hazan" kitabında müəllifin şeirləri lüğət izahı ilə verilib. Kitab Azərbaycan Ədəbiyyatına məxsus şairin kitabı kimi təqdim olunub. Ön sözün müəllifi Gültəkin Fazilqızıdır, şair Aydın Murovdağlı "Şiir semasından doğan Hazangülün söz saltanatı" başlıqlı yazıda Türk oxucuları tərəfindən çoxdan tanınan və qiymətləndirilən şairənin kitabında təqdim olunan nümunələrin sənətkarlıq xüsusiyyətlərindən söz açıb. Yeni kitabda Xəzangülün vətənpərvərlik, məhəbbət, tarixi, dini mövzularda qələmə aldığı şeirləri təqdim olunub.

Kitabın son səhifəsindəki təqdimatda qeyd olunub ki, Azərbaycan ədəbiyyatının önəmli şairlərindən biri olan Xəzangül həyatı boyu dövrün haqsızlığına, "insan" ların ikiüzlüyünə, cəmiyyətin nöqsanlarına üsyan edib.

Tədbirdə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova, Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar nümayəndəliynin sədri Məmməd Alim, şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Həsən Məmmədov və şairənin qələm yoldaşları iştirak ediblər.

Məmməd Alim Xəzangül xanımın kitabının Türkiyədə nəşrini Gəncə və Azərbaycan ədəbi mühitində böyük uğur kimi qiymətləndirib.

"Hər bir şairin kitabı xarici ölkədə həmin ölkənin dilində çap olunmur. Bunun üçün həmin ölkələr həmin şairi qəbul etməli və onun ədəbi dünasına yaxından bələd olub, onu sevməlidir. Bu onu göstərir ki, Xəzangül Hüseynova Türkiyədə sevilir və onun şeirləri böyük maraqla oxunur",- deyə Məmməd Alim bildirib.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlkova digər şairləri də Xəzangül Huseynova kimi sevilən olmağa çağırıb. "Mən Xəzangül Hüseynovanını şeirlərini çox həvəslə oxuyuruam, onun necə böyük ədəbi dünyasının olması şerlərinə öz əksini tapır",- deyə Məlikova bildirib.

İcra Hakimiyyətinin baş məsləhətçisi Həsən Məmmədov Xəzangül Hüseynovanın həm də gözəl pedaqoq olduğunu, rəhbərlik etdiyi Nigar Rəfibəyli adına 43 saylı orta məktəbin öz uğurları ilə digər məktəblərdən fərqləndiyini vurğulayıb.

Təqdimat mərasimində şagirdlər şairənin şeirlərini oxuyublar.

Bu, Xəzangülün sayca yeddinci, xarici ölkələrdə nəşr edilən ikinci kitabıdır. Şairənin bundan öncə Gürcüstanda "Şubhələr" adlı kitabı çap edilib.

1988- ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Xəzangülün şeirləri ötən əsrin 70 - ci illərindən dərc olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti