...

Azərbaycanda həbsdə olan jurnalist azadlığa buraxıldı

Cəmiyyət Materials 9 Aprel 2009 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit cümə axşamı səhər saatlarında azadlığa buraxılıb, Penitensizr Xidmətdən Trend -a məlumat verilib.

Trend -un arayışı: Sakit 2006-cı ilin iyununda üç il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunub. Jurnalist öz həbsini siyasi sifariş hesab edir və bunu yazdığı radikal məqalələrlə əlaqələndirir. 

Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı doqquz min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.

Penitensiar Xidmətdən bildirilib ki, sonuncu Amnistiya Aktı ilə bu günədək 1000-ə yaxın məhkum azad olunub.

1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Hazırda Azərbaycanda 3 jurnalist həbsdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti