Azərbaycan, Bakı, 03 sentyabr / Trend , muxbir H.Bağırov /
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, Bakının Binəqədi rayonundakı Xocahəsən bələdiyyəsinin sədri Zəfər Məsimovun işi üzrə keçirilən prosesdə təqsirləndirilən özünü qismən təqsirli bilib.
Məsimov 2007-ci ildə Binəqədi rayonunda dövlət mülkiyyətinə məxsus 400 kvadrat metrlik torpaq sahəsini qanunsuz olaraq Xanlar Dadaşovun istifadəsinə verilməsi barədə qərar qəbul edib.
Bələdiyyə sədri Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179), vəzifə səlahiyyətlərini aşma (309), rüşvət alma (311) və səhlənkarlıq (314) maddələri ilə ittiham olunur.
Məsimov ifadəsində rüşvət almadığını bildirsə də, vəzifə səlahiyyətlərini aşdığını, səhlənkarlığa yol verdiyini etiraf edib.
Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə inzibati nəzarət qaydasında 16 minədək bələdiyyə aktına baxılıb, 436 bələdiyyə aktı ləğv edilib, 15 bələdiyyə ilə bağlı materiallar prokurorluq orqanlarına təqdim edilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılması müəyyən edilmiş 6 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin olunub.
Bir neçə bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib, bir neçəsi barəsində cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]