...

Türkiyədə "Can Azərbaycan" telekanalının açılmasında məqsəd azərbaycanlıların mədəni ehtiyaclarını ödəməkdir - təsisçi

Cəmiyyət Materials 15 Yanvar 2010 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir R.Hafizoğlu/

"Can Azərbaycan" telekanalının açılmasında əsas məqsəd Türkiyədə yaşayan 3 milyondan çox azərbaycanlının mədəni ehtiyaclarını ödəmək, onlar arasında mədəni əlaqələr yaratmaqdır. Bu barədə cümə günü Trend -a İzmirdən telefonla telekanalın təsisçilərindən olan Camal Mehmetxanoğlu bildirib.

"Telekanalda Azərbaycan mədəniyyəti təbliğ ediləcək. Eyni zamanda, telekanalın əsas hədəflərindən biri də Azərbaycan mədəniyyətinin dünyada tanınması, dünyada yaşayan 50 milyondan çox azərbaycanlıya dilimizi, musiqimizi adət və ənənələrimizi çatdırmaqdır", - Mehmetxanoğlu əlavə edib.

Onun sözlərinə görə, telekanalın hədəfləri bundan da çoxdur və hədəflərə çatmaq üçün Azərbaycanda televiziyaların, Mədəniyyət və Turizm Nazirliyinin və başqa qurumların telekanalla əməkdaşlıq etməsi yaxşı olardı.

Mehmetxanoğlu onu da əlavə edib ki, hazırda dünya azərbaycanlıların ən vacib problemlərindən biri də Dağlıq Qarabağ və İranda yaşayan azərbaycanlıların öz dillərində təhsil almalarıdır.

"Bu istiqamətdə telekanal əlindən gələni edəcək. Bu, bir milli televiziyadır. Televiziyanın hədəfi kommersiya və pul qazanmaq məqsədi deyil. Bizim televiziyanı digərlərindən fərqləndirən xüsusiyyət də budur", - Mehmetxanoğlu deyib.

Onun sözlərinə görə, telekanal Türkiyədə həm Azərbaycan, həm də Türkiyə türkcəsində fəaliyyət göstərəcək.

Türkiyədə yaşayan azərbaycanlıların bu ilin fevral ayından etibarən "Can Azərbaycan" televiziyası açılacaq. "Can Azərbaycan " telekanalının verilişləri əvvəlcə yalnız internet, daha sonra isə Türksat peyki vasitəsilə yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti