...

Azərbaycanda uşaqların problemlərinə yanaşma tərzi formalaşmadığından, intihar halları artır – ekspertlər

Cəmiyyət Materials 2 Fevral 2010 11:31 (UTC +04:00)
Son illər Azərbaycanda uşaqlar arasında intiharların artması müşahidə olunur. Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə psixoloqların iş keyfiyyətinin artırılması üçün xüsusi tapşırıqlar verib. Təhsil Nazirliyindən hesab edirlər ki, psixoloqlar uşaqlarla daha ciddi məşğul olmalıdır.
Azərbaycanda uşaqların problemlərinə yanaşma tərzi formalaşmadığından, intihar halları artır – ekspertlər

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Son illər Azərbaycanda uşaqlar arasında intiharların artması müşahidə olunur. Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə psixoloqların iş keyfiyyətinin artırılması üçün xüsusi tapşırıqlar verib. Təhsil Nazirliyindən hesab edirlər ki, psixoloqlar uşaqlarla daha ciddi məşğul olmalıdır.

Mətbuatda uşaqların intiharı ilə bağlı yayılan məlumatlara görə, 2009-cu ildə 29 məktəbli intihar edib.

Uşaq intiharı ilə bağlı rəsmi statistik məlumatları əldə etmək mümkün deyil. Baş Prokurorluqdan intiharlarla bağlı statistikanın aparılmadığını bildiriblər.

Ekspertlər uşaqlar arasında intiharların artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

Respublikanın Baş psixiatrı Gəray Gəraybəyli Trend -a açıqlamasında uşaqlar arasında intiharların səbəblərinin ciddi araşdırmaya ehtiyacı olduğunu deyib.

O, uşaq intiharların sayının artmasını psixoloji gərginlik, stress, uşaqların xüsusi ideologiyaya meyllənmələriylə əlaqələndirir.

Bir qrup ekspert hesab edir ki, intihar edən uşaqlar, əsasən, uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlardır.

Psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov Trend -a bildirib ki, uşaqlar hansısa problemlərinin həllində cəmiyyətdən dəstək tapa bilmir, valideynlər, uşaqların ətrafında olan yaşlı insanlar onların probleminə öz baxış bucağından baxır.
Psixoloq deyir ki, bizim ailələrin çoxunda uşaqların problemələrinə yanaşma tərzi formalaşmayıb.

"Valideynlərin dünyagörüşü azdır, uşaqlara az vaxt ayırırlar. Uşaqlar problemlə qarşılaşanda kimə, hara müraciət etmək lazım olduğunu bilmirlər. Valideynlər həmin problemləri yeniyetməlik dövrü ilə izah edir və onların keçici olması ilə əlaqələndirirlər.

Psixoloq uşaqlar arasındakı intiharları stress, ailədə və məktəbdəki ayrıseçkilik, ailədaxili münaqişələr, sevgi stresləri, uşaqlara qarşı seksual zorakılıqlar, uşaqların asudə vaxtının düzgün təşkil olunmaması ilə əlaqələndirir.

Onun fikrincə, cəmiyyətdəki fərdiləşmə, insanların bir-birlərinə və ətrafda baş verənlərə soyuqluğu uşaqların özünə qapanmasına səbəb olur.

Kərimov deyir ki, psixoloji problemləri olan, intihara meyilli uşaqlardakı dəyişiklikləri valideyn və müəllimlər çox vaxt müəyyən edə bilmir, bu hallara diqqət yetirmirlər.

Onun sözlərinə görə, intihar etməyi fikirləşən uşaqlar özünə qapanır, səliqəsiz geyinir, ya çox yatır, ya da gecələri yatmır, xəyallara dalır, ətrafındakılara və baş verən hadisələrə diqqətsiz olur, gündəlik tutur, ən çox sevdiyi əşyaları başqalarına bağışlayırlar.

İntihar etmək fikrində olan uşaqlarda intihar üçün lazım olan alətlərə maraq oyanır, intiharla bağlı məlumatlar toplayır, bu barədə filmlərə baxırlar.

Psixoloq valideynlərə tövsiyə edir ki, uşağı onun problemlərini başa düşməyə, probleminin həllinə kömək etməyə hazır olduğlarına inandırmaq lazımdır.

"Valideynlər bu dövrdə uşaqlarına daha yaxın olmalı, onların problemləriylə çox maraqlanmalı, qapalı olmalarına imkan verməməli, onlarla dostlaşmalıdırlar",-ekspert vurğulayıb.

Kərimov kənd və şəhər ailələrində tərbiyə alan uşaqların intiharının səbəblərini fərqləndirir. O deyir ki, kənd yerlərində ailələr daha mühafizəkardır. Belə ki, kəndlərdə yaşayan ailələrdə valideyn atanın, babanın yanında uşağını qucağına götürə, uşağa sevgisini bildirə bilmir.

Kəndlərdə uşaqların problemlərinin olmasını qəbul etmirlər, onlara soyuq münasibət var. Uşaqlara qarşı fiziki, psixoloji ayrıseçkilik var.

"Şəhərdə yaşayan uşaqların informasiya almaq, hər hansı problem olanda kömək üçün müraciət etmək imkanları genişdir. Şəhərdə uşaqlar özünü aktuallaşdıra bilmirlər. Valideynlər uşaqların qərarlarına qarşı çıxırlar. Həmçinin şəhər uşaqları daha çox sevgi stresləri yaşayır",-deyə psixoloq vurğulayıb.

Onun sözlərinə görə, hazırda uşaqların psixoloji xidmətlərdən istifadəsində bir çox problemlər mövcuddur. "Eyni zamanda valideyn-məktəb əməkdaşlığı da çox zəifdir. Azərbaycan ailəsinin qapalılığı da buna təsir göstərir. Bu qapalılıq psixoloqların uşaqlarla birgə işləməsinə əngəl olur. Orta məktəblərdə psixoloqların işləməsi üçün lazımi şərait yoxdur",-deyən Kərimov hesab edir ki, intihar hallarının azaldılması üçün geniş maarifləndirmə işinin aparılmasına və uşaqlara göstərilən psixoloji yardımın gücləndirilməsinə böyük ehtiyac var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Trend -a son vaxtlar uşaqlar arasında intiharların artmasından Komitənin ciddi narahatlıq keçirdiyini bildirib.

Komitənin araşdırmaları zamanı məlum olub ki, ailələrdə yaranan qeyri-normal psixoloji durum, valideynlər tərəfindən uşaqların başa düşülməməsi, onlara lazimi diqqət və vaxt ayrılmaması intiharlara səbəb ola bilər.

"Müasir dövrdə valideynlər uşaqların maddi cəhətdən təminatı ilə daha aktiv məşğul olduqları üçün onlarla ünsiyyətə az vaxt ayırırlar. Əgər ailədə hər hansı gərginlik yaranırsa, uşaq-valideyn münasibətləri daha da çətinləşir. Hesab edirəm ki, ailələrdə bu münasibətlərdə bir boşluq var. Bunun üçün məktəb-valideyn-uşaq sistemi dəqiq işləməlidir",-deyə şöbə müdiri bildirib.

Məmmədovanın sözlərinə görə, müəllimlər ailəsindəki münasibətlərə görə, psixoloji sarsıntı keçirən uşaqların problemini duya biləcək qədər təcürbəli olmalı və hər bir uşağa, ailəyə fərdi yanaşmalıdır.

Məmmədovanın sözlərinə görə, bir qrup ailədə valideynin hökmü o qədər güclüdür ki, uşaqlar öz istək və arzularının əksinə olaraq valideynlərinin istəklərinə tabe olmaq məcburiyyətində qalırlar.

"Bu isə uşağın dünyagörüşünə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Əgər ailədə hər hansı problem yaranarsa, ailə ilə ünsiyyətdə olan müəllim və tərbiyəçilər həmin uşağa qarşı iş prinsiplərini dəyişməli və digər metodlardan istifadə etməlidirlər. Hesab edirik ki, valideynlərin pedaqoji mədəniyyətinin səviyyəsini yüksəltmək lazımdır",-deyə Komitə rəsmisi vurğulayıb.

Məmmədova bu istiqamətdə məktəblərdə mütəmadi maarifləndirici tədbirərin həyata keçirildiyini deyib. O, Komitənin bu problemin həlli ilə bağlı konkret təşkilatlar qarşısında təkliflərlə çıxış etmədiyini, problemin komitə tərəfindən araşdırılıb müvafiq tədbirlər görüldüyünü deyib.

Bakı şəhəri üzrə Təhsil İdarəsininin mətbuat katibi Zəminə Əliqızı Trend -a bildirib ki, məktəblərdə 100-150 şagirdə bir psixoloq düşməli olduğu halda, Bakının məktəblərində bəzən 1500 şagirdə bir mütəxəsis düşür.

"Bu da onunla əlaqəlidir ki, ştata görə şagird sayından asılı olmayaraq hər məktəbə yalnız bir psixoloq ştatı ayrılıb. Bununla belə, Bakının bəzi kənd məktəblərində psixoloq vəzifəsi vakant qalmaqdadır, bir sıra məktəblərdə psixoloq kimi müxtəlif fənn müəllimləri çalışır. Səbəb isə həmin ixtisas üzrə kadr çatışmazlığıdır",-deyə mətbuat xidməti vurğulayıb.

Məktəblərdə fəaliyyət göstərən psixoloqların şagirdlərlə apardığı işin kifayət qədər faydalı olmadığını deyən Əliqızının fikrincə, şagirdlər təhsil ocağında gün ərzində beş-altı saat olurlar və onların psixoloji vəziyyətinə daha çox ailə və ətraf mühit təsir göstərir.
"Məktəb psixoloqları yalnız şagirdlərdə nəzərə çarpan hər hansı psixoloji gərginliyi, narahatlılığı aşkar edirlər və onların valideynlərinə bu barədə məlumat verirlər. Məktəb psixoloqu aşkar etdiyi hal barədə şagirdin valideyininə məlumat verəndə, valideynlər buna aqressiv yanaşırlar. Psixoloqa müraciət etmək cəmiyyətdə hələ də qəbahət sayılır", - Zəminə Əlizadə bildirib.

Yazının hazırlanmasında iştirak edib: Murad Əliyev

Xəbər lenti

Xəbər lenti