...

Pensiya təyinatının avtomatlaşdırılmasına MDB məkanında ilk dəfə olaraq Azərbaycanda nail olunması gözlənilir - DSMF sədri

Cəmiyyət Materials 15 Mart 2010 16:24 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, pensiya təyinatının avtomatlaşdırılmasına MDB məkanında ilk dəfə olaraq Azərbaycanda nail olunması gözlənilir.
Pensiya təyinatının avtomatlaşdırılmasına MDB məkanında ilk dəfə olaraq Azərbaycanda nail olunması gözlənilir - DSMF sədri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva/

Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, pensiya təyinatının avtomatlaşdırılmasına MDB məkanında ilk dəfə olaraq Azərbaycanda nail olunması gözlənilir.

"Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması mexanizmi seçilib. 2004-cü ildən başlayaraq, ölkəmizdə bu üsulun tətbiqi nəticəsində maliyyə vəsaitləri heç bir aralıq ödəniş təşkilatlarının hesabında dövr etdirilmədən Fondun xəzinə hesabından bilavasitə vətəndaşın kart hesabına köçürülür. Bununla da ödənişlərin birbaşa ünvanlılığı prinsipinin icrası təmin edilir, pensiya ödənişlərinin əhaliyə çatdırılması zamanı qeyri-qanuni tutulmalar və digər bu kimi mənfi hallara son qoyulur, pensiya və müavinətlərin əhaliyə ödənilməsi əməliyyatlarının uçotu təkmilləşdirilir və avtomatlaşdırılır", - Trend -un məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibəsində fondun sədri Səlim Müslümov bildirib.

Müslümov deyib, pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir.

"Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünun hesablayaraq dəqiqləşdirməsinə imkan verilir. Nəticədə, maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır", - Müslümov əlavə edib.

Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır.

Bugünədək 1640 min nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanıb. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin 1/3-i, yəni 1308 min nəfər pensiyaçı və 1640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda 2006-2008-ci illər üçün ayrı-ayrı sığortaolunanlar üzrə ödənilmiş sosial sığorta haqları barədə bəyannamələrin qəbulu sürətlə davam etdirilir. Ayrı-ayrı fəaliyyət sahələrinə aid 15000-dən çox müəssisədə çalışanlar üzrə artıq bu işlər yekunlaşdırılmışdır. Bütün sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların qısa zamanda fərdi şəxsi hesablarda əks etdirilərək sığortaolunanlara çatdırılması mühüm vəzifə kimi qarşıda durur.

Azərbaycanda ödəniş aparılan pensiyaçılar üzrə 1 milyon 114 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 94,4 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti