Azərbaycan, Bakı, 13 may /Trend/
Sumqayıtın Bağlar massivi adlanan sahəsində səliqə-sahman yaratmaq, mövcud məişət zibillərinin və tullantıların vaxtlı-vaxtında toplanması və ərazidən uzaqlaşdırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədən sonra bu sahədə görülən işlər daha da gücləndirilib.
Beş minə yaxın təsərrüfatı (bağ sahəsi) əhatə edən bu ərazidə şəhər "Təmizlik Departamenti"nin xətti ilə konteynerlərin yerləşdirilməsi üçün meydançalar düzəldilir. Müəyyən istiqamətlərdə departamentin daimi fəaliyyət göstərən məntəqələri təşkil edilir. Departament tərəfindən hər bir bağ sahibi ilə tullantıların daşınması üçün müqavilələr bağlanılır, sakinlərə bildirişlər paylanılır. Artıq qeydiyyata alınan 2 457 nəfərdən 334-ü ilə müqavilə bağlanılıb.