...

Azərbaycan ombudsmanı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 21 İyun 2010 15:40 (UTC +04:00)
Ombudsman Aparatı mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, hüquq müdafiəçisi Emin Hüseynli iyunun 19-da ombudsmanın işgəncələrlə bağlı fəaliyyət göstərən "Qaynar xətt"inə telefonla müraciət edərək, Rövşən Sovet oğlu Nəsirlinin Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsində döyüldüyünü bildirib.
Azərbaycan ombudsmanı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı iyunun 19-da icazəsiz aksiya zamanı saxlanılan Rövşən Nəsirlinin döyülməsi faktının araşdırılması üçün baş prokurora və daxili işlər nazirinə müraciət edib.

Ombudsman Aparatı mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, hüquq müdafiəçisi Emin Hüseynli iyunun 19-da ombudsmanın işgəncələrlə bağlı fəaliyyət göstərən "Qaynar xətt"inə telefonla müraciət edərək, Rövşən Sovet oğlu Nəsirlinin Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsində döyüldüyünü bildirib.

O, Nəsirlinin adıçəkilən bölməyə aparılarkən üzündə xəsarət olmadığını, lakin bölmədən polis müşayiəti ilə çıxarkən sifətində qızartıların və gözünün altının göyərdiyini söyləyib və məsələnin araşdırılmasını xahiş edib.

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri həmin gün Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Səbail rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş Nəsirli ilə təkbətək görüşüblər.

Söhbət zamanı Nəsirli Səbail rayonu ərazisində aksiya zamanı saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə gətirildiyini, orada polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.

Nəsirlinin bədəninə baxış keçirilərkən onun sifətində müxtəlif xəsarət izlərinin olduğu müəyyən edilib.

Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə göstərilən halın tam və hərtərəfli yoxlanılması, təsdiqləndiyi halda, faktla bağlı müvafiq tədbirlər görülməsi, məhkəmə-tibbi ekspertizasının keçirilməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması ilə bağlı müraciət edib.

Ombudsmanın nümayəndələri Nəsirli ilə birgə saxlanılan Mənsum İbrahim oğlu Bayramov, Dəyanət Səxavət oğlu Babayev və digərləri ilə də təklikdə görüşüblər. Onlar polis tərəfindən zorakılığa məruz qalmadıqlarını söyləyiblər.

Xəbər lenti

Xəbər lenti