Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycan və Rusiya jurnalistlərinin məhz ekoloji sahədə informasiya mübadiləsi daha da gücləndirilməlidir. Trend-in Mətbuat Şurasının (MŞ) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı MŞ sədri Əflatun Amaşov Rusiyanın Həştərxan vilayətinin Xəzərin ekoloji problemlərini araşdıran və işıqlandıran müxtəlif qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
"Azərbaycan mediası Xəzərin statusu, ekoloji durumu, bütövlükdə Xəzər ətrafında cərəyan edən proseslərin işıqlandırılmasına böyük önəm verir. Rusiyalı həmkarlarımız da mövzunu daim diqqətdə saxlayırlar. Bu, Xəzərlə bağlı siyasi problemlərin aradan qaldırılması baxımından vacib amildir", - Amaşov əlavə edib.
Görüş iştirakçılarından MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "Azerbaycanskie izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova, "7+" telekanalının əməkdaşı Anna Saqunova, Həştərxan Teleradio Şirkətinin əməkdaşı Anastasiya Krotovanın və başqalarının çıxışlarında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair təkliflər səslənib. Bu məqsədlə tərəflər arasında niyyət protokolunun imzalanması qərara alınıb.
Həştərxan vilayəti administrasiyası rəhbərinin sosial məsələlər üzrə müavini Tatyana Yusupova yerli jurnalistlərin bəhs edilən mövzularla bağlı fəaliyyətləri barədə məlumat verib. "Həştərxan vilayətindəki KİV-lər Xəzərlə bağlı istər siyasi, istərsə də iqtisadi məsələləri daim diqqət mərkəzində saxlayırlar", - Yusupova deyib.
Yusupova ictimaiyyətin diqqətini problemə çəkmək üçün həyata keçirilən konkret işlər haqqında da məlumat verib.
Həştərxandakı "Kaspi" Mətbuat Mərkəzinin əməkdaşı Dmitrii Averkin çıxışında ekoturizmin inkişafına yönələn layihələrə Rusiya və Azərbaycanın jurnalist təşkilatlarının üstünlük verməsinin vacibliyindən danışıb.
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin monitorinq qrupunun rəhbəri, jurnalist-ekoloq Anna Bartkulaşvili bildirib ki, Xəzərin xüsusi ekoloji durumu ilə əlaqədar jurnalist aktivliyinə nail olunmalıdır. Bununla belə o, mövcud məsələdə jurnalist-məmur anlaşmasının vacibliyini önə çəkib.