Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın gələcək jurnalistləri dünyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə edəcəklər.
"Hazırda azərbaycanlı tələbələrə - gələcək jurnalistlərə dünyanın aparıcı ali məktəblərində təhsil almaq imkanının əldə edilməsi üzrə danışıqlar aparılır", - çərşənbə günü jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, xaricdə Azərbaycanın imicinin yüksəldilməsi üçün ölkəyə xarici dilləri bilən mütəxəssislər lazımdır.
Mətbuat Şurasının digər fəaliyyət istiqaməti jurnalistika fakültəsinə daxil olan abituriyentlərin qabiliyyətinin müəyyənləşdirilməsi üzrə imtahanlar praktikasının tətbiqidir.
"Azərbaycanda jurnalistlərin təhsili düşgün təşkil olunmayıb. Təəssüf ki, imtahanların test variantının tətbiqindən sonra qabiliyyət imtahanları ləğv edilib", - Amaşov qeyd edib.
Şura sədrinin sözlərinə görə, monitorinqlərin nəticələri göstərir ki, jurnalistika fakültəsi tələbələrinin 65-70 faizi bu sahəyə maraqlı deyil və bura təsadüfən düşdüklərini bildirir.