...

Azərbaycanda "Qırmızı Kitab"ın materiallarından ibarət muzey yaradılacaq

Cəmiyyət Materials 23 Noyabr 2010 17:39 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Qırmızı Kitab"ın materiallarından ibarət muzey yaradacaq.
Azərbaycanda "Qırmızı Kitab"ın materiallarından ibarət muzey yaradılacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Qırmızı Kitab"ın ikinci nəşrində olacaq materiallardan ibarət muzey yaradacaq. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, muzeyin yaradılması "Qırmızı Kitab"ın növbəti nəşrləri zamanı aparılacaq işlərin daha asan təşkil edilməsi və səmərəliliyinə xidmət etmək məqsədilə həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın "Qırmızı Kitab"ının ikinci nəşrini Azərbaycan və ingilis dillərində nəşr etməyi nəzərdə tutur.

Kitabda növlər nəsli kəsilmə təhlükəsi səviyyəsinə görə müxtəlif fəsillərə ayrılacaq.

"Qırmızı Kitab"ın birinci nəşrində olan ceyran, sultan toyuğu, turac kimi növlərin hazırda nəsli kəsilmə təhlükəsindən uzaq olmasına baxmayaraq, bu növlərin ikinci nəşrə əlavə edilməsi və insanların şüurunda psixoloji sədd məqsədilə kitabda saxlanılması təklif olunur.

Azərbaycanın "Qırmızı Kitab"ının birinci nəşrinə məməlilərdən 14 növ, quşlardan 36, balıqlardan 5, amfibi və reptililərdən 13 növ və yarım növ, həşəratlardan 40, bitkilərdən 140 növ daxil edilib.

Xəbər lenti

Xəbər lenti