...

Azərbaycanlı millət vəkili həmkarlarını və ictimai-siyasi xadimləri İran səfirliyinin tədbirini boykot etməyə çağırır

Cəmiyyət Materials 8 Fevral 2011 16:56 (UTC +04:00)
Azərbaycanlı millət vəkili Etibar Hüseynov İran İslam Respubikasının fevralın 11-də Gülüstan sarayında keçirilməsi nəzərdə tutulan tədbirini baykot edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə millət vəkili özü bildirib.
Azərbaycanlı millət vəkili həmkarlarını və ictimai-siyasi xadimləri İran səfirliyinin tədbirini boykot etməyə çağırır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı millət vəkili Etibar Hüseynov İran İslam Respubikasının fevralın 11-də Gülüstan sarayında keçirilməsi nəzərdə tutulan tədbirini baykot edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə millət vəkili özü bildirib.

"Bir sıra millət vəkilləri, ictimai və siyasi təşkilatların rəhbərləri, ictimai xadimlər bu tədbirə dəvətlidirlər. Mən bu tədbiri baykot edirəm və həmin tədbirə getməkdən imtina edirəm. Mənə göndərilmiş bu dəvətnaməni də İran səfirliyinə geri göndərəcəm. Bütün deputat həmkarlarımı, jurnalistləri, ictimai-siyasi təşkilatların rəhbərlərini də həmin tədbiri baykot etməyə çağırıram", - Hüseynov əlavə edib.

Fevralın 11-də İran İslam inqilabının 32-ci il dönümü münasibəti ilə İranın Azərbaycandakı səfirliyi tədbir keçirməyi planlaşdırır.

Millət vəkili atdığı addımı son zamanlar İranın Azərbaycana qarşı apardığı siyasət və İranın işğalçı Ermənistana dəstək verməsi ilə əlaqələndirib.

"Son vaxtlar İranın ayrı-ayrı rəsmi dairələrində Azərbaycanın daxili işlərinə müdaxilələr nəzərə çarpır. Hamınız bu yaxınlarda gördünüz ki, hicab məsələsi ilə bağlı İrandakı mollalar bəyanatla çıxış etdilər və belə görüntü yaratmağa çalışdılar ki, guya Azərbacanda hicab qadağası var. Digər tərəfdən, İranın "Səhər" telekanalı gecə-gündüz Azərbaycan əleyhinə təbliğat aparır. Bu yaxınlarda İranın rəsmi dairələri bəyan etdilər ki, İrandan Ermənistana qaz kəməri çəkilir və böyük fəxrlə qeyd etdilər ki, bu kəmərin inşası başa çatdıqdan sonra Ermənistan bütövlüklə qaz problemini həll edəcək. Bu kəməri, sanki acıqla Təbrizdən çəkmək istəyirlər", - Hüseynov qeyd edib.

Deputat deyib ki, İran dövləti həmişə olduğu kimi, yenə də ikiüzlü siyasət aparır.

"Uzun illərdir ki, İran dövləti bu ikiüzlü siyasətini davam etdirir. Bir tərəfdən guya, İran dövləti Fələstinin haqq səsini dünyaya yaymaqla məşğuldur, digər tərəfdən isə digər müsəlman dövləti, öz qonşusu olan Azərbaycanın ərazisini işğal etmiş işğalçı və terrorçu bir dövləti himayə edir", - o, vurğulayıb.

Huseynov onu da bildirib ki, İran dövlətinin alnında "Şuşa damğası" var.

"1992-ci ildə İran prezidentinin dəvəti ilə Azərbaycan və Ermənistan prezidentləri İranda danışıq apardığı bir vaxtda Ermənistan Azərbaycanın Şuşa şəhərini işğal edib. Həmin vaxt İranın tam ixtiyarı var idi ki, Ermənistan ilə bütün iqtisadi və siyasi əlaqələri kəssin, Ermənistana qarşı müharibə elan etsin. Ancaq İran dövləti heç bir addım atmadı və bunun qabaqcadan planlaşdırılan oyun olduğu üzə çıxdı. İndi İran dövləti bu damğanı silmək əvəzinə Azərbaycanın daxili işlərinə qarışır və işğalçı dövləti dəstəkləməyi davam etdirir", - millət vəkili əlavə edib.

O deyib ki, hazırda İranda yaşayan 30 milyondan çox azərbaycanlının da hüquqları pozulur.

"İranda 30 milyondan çox Azərbaycanlı var. Onların ana dilində məktəbləri yoxdur. Ancaq 120 min erməni üçün radio, televiziya və ana dilində məktəb var. İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ pozulur. Bununla bağlı Azərbaycanın millət vəkilləri, ictimai və siyasi xadimləri dəfələrlə bəyanatla çıxış ediblər. Bu mövzada geniş "dəyirmi masa"lar keçirilib, millət vəkilləri dəfələrlə bu məsələni Parlamentdə qaldırıblar. Ancaq İran öz bildiyini etməyi davam etdirir", - Hüseynov deyib.

Xəbər lenti

Xəbər lenti