...

Azərbaycan Milli Elmlər Akademiyası magistraturaya qəbulla bağlı təkliflər hazırlayıb

Cəmiyyət Materials 16 Fevral 2011 13:44 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura pilləsinə qəbulla bağlı öz təkliflərini hazırlayıb. Bunu Trend-ə AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası magistraturaya qəbulla bağlı təkliflər hazırlayıb

Azərbaycan, Bakı, 16 fevral/Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura pilləsinə qəbulla bağlı öz təkliflərini hazırlayıb. Bunu Trend-ə AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib.

Onun sözlərinə görə, növbəti üç tədris ilini əhatə edəcək təkliflər hansı ixtisaslar üzrə doktorantura pilləsinə qəbul üçün nə qədər magistrin tələb olunmasını özündə əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli fərmanına əsasən magistratura pilləsinə qəbul zamanı dövlət sifarişi nəzərə alınacaq.

"Magistraturaya qəbul üçün AMEA-da elmi-tədqiqat işləri aparılan və doktorantura təhsili mövcud olan ixtisaslara üstünlük veriləcək", - Həşimov bildirib.

Həşimov həmçinin qeyd edib ki, elmi-tədqiqat işləri və doktorantura hazırlığı aparılmayan ixtisaslara da biganə qalınmayacaq. "AMEA tərəfindən hazırlığı davam etdirilməyən ixtisaslar üzrə kadrlar məqsədli şəkildə digər yerlərdə də hazırlana bilər", - Həşimov deyib.

Azərbaycanda dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriatura və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir.

AMEA-nın vitse-prezidenti bildirib ki, Akademiyanın təklifləri yaxın günlərdə İqtisadi İnkişaf Nazirliyinə göndəriləcək. "AMEA-nın bölmələrinin təklifləri ətrafında aparılan müzakirələr ötən həftə başa çatmalı idi. Lakin müəyyən suallar ortaya çıxıb ki, onlar da yaxın günlərdə öz həllini tapacaq", - vitse-prezident bildirib.

Magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir tələbəyə düşən təhsil xərcləri 1500-1800 manat arasında dəyişir. Belə ki, təhsilin bu səviyyəsində bir tələbəyə düşən xərclər təbiət elmləri ixtisasları üzrə 1600, humanitar və sosial elmlər üzrə 1800, maarif, iqtisadiyyat və idarəetmə üzrə 1500, təbiət-texniki elmlər üzrə 1600, texniki elmlər üzrə 1800, aqrar və balıq təsərrüfatı, habelə ekologiya və təbiətdən istifadə üzrə 1600 manatdır.

Xəbər lenti

Xəbər lenti