...

Azərbaycanın baş psixiatrı telekanalları intiharlarla bağlı görüntüləri yaymamağa çağırıb

Cəmiyyət Materials 22 Fevral 2011 11:04 (UTC +04:00)
Azərbaycanın baş psixiatrı hesab edir ki, telekanallarda intiharlarla bağlı video, foto görüntülərin və məlumatların yayılması yeni intiharlara səbəb ola bilər.
Azərbaycanın baş psixiatrı telekanalları intiharlarla bağlı görüntüləri yaymamağa çağırıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın baş psixiatrı hesab edir ki, telekanallarda intiharlarla bağlı video, foto görüntülərin və məlumatların yayılması yeni intiharlara səbəb ola bilər.

Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli Trend-ə bildirib ki, bu görüntülərin və xəbərlərin yayılması şəxsiyyəti tam formalaşmamış insanlara impuls kimi təsir edə bilər.

Gəraybəylinin sözlərinə görə, elə insanlar var ki, xüsusən də gənclər, dərin kompleks hissi keçirir, özlərini tam realizə olunmamış şəxslər hesab edir.

Onlar özlərini heç bir sahədə tapa bilməyəndə, cəmiyyətdəki yerlərini müəyyən edə bilməyəndə sıxılır, gərginlik keçirirlər.

"Bu kompleks hər kəsdə ola bilər. Amma sonra insan özünü idmanda, ailədə ailə başçısı kimi, dost kimi tapır. Bəzən insan hec bir sahədə özünü tapa bilmir. Ola bilsin ki, onun şəxsiyyətində, tərbiyəsində, ailəsində hansısa problem, qüsur var. Bu səbəbdən də onlar daim sıxılır, gərginlik keçirir və belələrinə bu məlumatlar təkanverici təsir göstərə bilər", - baş psixiatr deyib.

Belə şəxslərdə daim özlərinə diqqəti cəlb etmək, hər kəsin onlar barədə danışması istəyi olur.

"Bu zaman özünə qəsd etməklə diqqəti özlərinə yönəltmək istəyirlər və bu məlumatlar onların istəklərini gerçəkləşdirməsi üçün təkan rolunu oynaya bilər", - Gəraybəyli vurğulayıb.

Baş psixiator bu səbəbdən də intiharlarla bağlı video və foto görüntülərin, məlumatların yayılması zamanı diqqətli olmağı və belə məlumatlara çox yer verməməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti