...

14 Azərbaycan vətəndaşı Liviyadan təxliyyə olunub

Cəmiyyət Materials 26 Fevral 2011 11:29 (UTC +04:00)

Liviyadan gələn və içərisində 94 sərnişinin olduğu təyyarə yerli vaxtla saat 01:44-də "Borispol" (Kiyev vilayəti) aeroportunda yerə enib. Sərnişinlər arasında 14 Azərbaycan vətəndaşı da var.
Bu barədə şənbə gününə keçən gecə Ukrayna XİN-in mətbuat katibi Aleksandr Dikusarov "İnterfaks-Ukrayna" agentliyinə məlumat verib.

Onun məlumatına görə, "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus Boeing-737 təyayrəsi fevralın 25-də Kiyev vaxtı ilə saat 20:20-də Tripolidən (Liviya) yola düşüb. Təyyarənin göyərtəsində 94 sərnişin, o cümlədən 50 Ukrayna, 19 Rusiya, 4 Qazaxıstan, 3 Qırğızıstan, 2 Belarus, bir Bosniya və Hersoqovina və bir Türkiyə vətəndaşı olmaqla, 44 digər dövlətin vətəndaşları olublar.

Agentliyin hələ də Liviyada qalan ukraynalıların ardınca yeni təyyarənin göndərilməsinin planlaşdırılması sualına Dikusarov belə cavab verib ki, fevralın 26-da, şənbə günü təqribən səhər saat 05:00-06:00 radələrində artıq Liviyaya reys həyata keçirən Ukrayna Müdafiə Nazirliyinə məxsus İL-66 hərbi-nəqliyyat təyyarəsinin uçuşu planlaşdırılıb.

Hazırda Ukrayna XİN-in tərtib etdiyi siyahıda 70 nəfərin adı var və göstərilən təyyarə də məhz onları gətirəcək.

Məlum olduğu kimi, fevralın 24-də saat 01:00 radələrində Ukrayna Müdafiə Nazirliyinə məxsus və Tripoli şəhərinin aeroportundan havaya qalxan, göyərtəsində 163 nəfər sərnişinin olduğu İL-76 təyyarəsi "Borispol" hava limanında yerə enib. Sərnişinlərin arasında 125 Ukrayna və 5 Rusiya vətəndaşı var.

Ukrayna XİN-in mətbuat katibi Aleksandr Dikusarovun "İnterfaks-Ukrayna" agentliyinə verdiyi məlumata görə, göyərtədəki sərnişinlərin arasında 38 uşaq və 47 qadın olub.
Bundan əlavə, təyyarədə 2 Slovakiya, 11 Polşa, bir Rumıniya, 4 Qazaxıstan, bir Macarıstan, 4 Çexiya və 10 Azərbaycan vətəndaşı olub.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Ölkə hakimiyyəti nümayişləri yatırır. Kütləvi etirazların yatırılması zamanı Benqazi şəhərində 560 nəfər həlak olub, 4 min nəfər yaralanıb. Rəsmi hökumət 84 nəfərin ölümünü təsdiqləyir.

Liviyadakı nümayişlərin başlanmasına qonşu ərəb ölkələrində baş vermiş hadisələr təkan verib. Misirdə və Tunisdə nümayişlər və çıxışlar hakimiyyət dəyişikliyi ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti