...

Azərbaycan Reklamçılar İttifaqının prezidenti: Turizm potensialının təbliği bir mərkəz tərəfindən aparılmalıdır

Cəmiyyət Materials 20 İyun 2011 15:58 (UTC +04:00)
Azərbaycanın turizm potensialının təbliği bir mərkəz tərəfindən aparılmalıdır.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti: Turizm potensialının təbliği bir mərkəz tərəfindən aparılmalıdır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın turizm potensialının təbliği bir mərkəz tərəfindən aparılmalıdır. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda turizm potensialının təbliği üçün müəyyən işlər görülür. Bu işlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daha fundamental şəkildə aparılır. Turizm şirkətləri isə öz reklamları ilə pərakəndə şəkildə məşğul olurlar.

İttifaq prezidentinin fikrincə, turizm şirkətləri özləri reklamla məşğul olduqda onlar bu işə daha çox maliyyə vəsaiti xərcləyirlər. Amma mərkəzləşdirilmiş bir qurum olarsa, o, Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri və reklam şirkətləri ilə zəncirvarı əlaqələr qura, bununla da Azərbaycanın turizm potensialının reklamını gücləndirə bilər.

Atakişiyev belə hesab edir ki, yaradılacaq mərkəz ictimai təşkilat olmalı, amma dövlət onun maliyyələşdirilməsinə yardım göstərməlidir. Mərkəz dövlətin turizm siyasətini, onun iqtisadi baxımdan vəziyyətini araşdıraraq bu barədə həm dövlət orqanlarına, həm də turizm şirkətlərinə məlumat verməlidir. Eyni zamanda, Azərbaycanın turizm potensialı ilə bağlı lazımi məlumatları beynəlxalq aləmə də ötürməlidir.

"Bu gün Azərbaycanda turizm xidmətləri çox bahadır. Avropadan Azərbaycana gələn turistlər Azərbaycanda tamamilə başqa servis görürlər. Azərbaycan turistlərə göstərilən servis baxımından çox zəifdir. Ona görə də əvvəlcə servislə məşğul olan kadrlar yetişdirmək və bu sahəyə peşəkar mütəxəssisləri cəlb etmək lazımdır. Turizm xidmətlərini göstərən əcnəbilərin yanında azərbaycanlı çalışsa, onun xidmət səviyyəsini daha tez mənimsəyə bilər. Əgər müstəqil bir qurum olsa, o, əlaqələri qurmaqla turizmin inkişafına daha çox töhfə verə bilər", - Atakişiyev deyib.

Xəbər lenti

Xəbər lenti