...

Dövlət Komitəsi: Azərbaycanda cinayət törədən uşaqların əksəriyyəti təhsildən yayınanlardır

Cəmiyyət Materials 22 İyul 2011 15:54 (UTC +04:00)
Azərbaycanda cinayət törədən uşaqların əksəriyyətini təhsilsiz, ailə nəzarətindən, məktəb nəzarətindən kənarda qalan uşaqlar təşkil edir.
Dövlət Komitəsi: Azərbaycanda cinayət törədən uşaqların əksəriyyəti təhsildən yayınanlardır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cinayət törədən uşaqların əksəriyyətini təhsilsiz, ailə nəzarətindən, məktəb nəzarətindən kənarda qalan uşaqlar təşkil edir. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Seymur Məmmədov deyib.

Ailələrdə uşağa qayğı və diqqət göstərilməsini vacib sayan Məmmədov bildirib ki, bu qayğı və diqqəti görməyən uşaq kənar təsirlərə məruz qalır və cinayətkara çevrilir.

Onun sözlərinə görə, cinayət törədən uşaqların 60-70 faizini işləməyən, oxumayan uşaqlar təşkil edir.

Azərbaycanda küçə uşaqları probleminin olduğunu və həmin uşaqların yerli icra hakimiyyətləri tərəfindən müvafiq internatlara yerləşdirilməsi prosesinin həyata keçirildiyini deyən Komitə rəsmisi bu məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb.

O bildirib ki, Komitə ilə BMT-nin Uşaq Fondu arasında imzalanmış illik Fəaliyyət Planında küçə uşaqları problemi ilə bağlı konkret tədbirlər nəzərdə tutulub.

Fəaliyyət Planına əsasən, ötən ilin oktyabrında "SIGMA" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzi Azərbaycanda küçə uşaqları ilə bağlı vəziyyətə dair tədqiqat aparıb.
Tədqiqatın məqsədi Azərbaycanda küçə uşaqları ilə bağlı hazırkı vəziyyətin təhlili olub.

Məmmədov bildirib ki, uşaqların cinayət törətməsinə xarici ölkələrin təcrübəsində rast gəlinsə də, bu problem Azərbaycanda geniş yayılmış cinayətlərdən hesab olunmur.

Məmmədovun sözlərinə görə, Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə bütün hallarda 16 yaşına çatmış uşaqlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

"Azərbaycanda böyüklərə nisbətən uşaqların cinayət törətməsi az rast gəlinən sahədir. Statistikaya görə, cinayətlərin 4 faizi uşaqlar tərəfindən törədilir. Cinayət törədən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə ilə bərabər alternativ cəzalar, cərimə, ictimai işlər, islah işləri təyin edilir. Qanunda azadlıqdan məhrumetmə uşaqlara qarşı ən son tədbir kimi nəzərdə tutulur. "Yuvenal ədliyyə haqqında" qanun layihəsi hazırlanıb. Azərbaycanda yuvenal məhkəmə sisteminin yaradılması cinayət mühakimə icraatında yetkinlik yaşına çatmayan uşaqların cinayət törədərkən müqəddəratının həll olunması istiqamətində yeni tendensiyadır", - Komitə əməkdaşı deyib.

Komitə problemdən əsas çıxış yolu kimi 18 yaşına çatmış uşağın internatdan çıxarkən onun müvafiq peşə ilə və cəmiyyətə inteqrasiyasının təmin edilməsində görür.

"Hazırda bu sahədə bir sıra problemlər var. İnternatı tərk etmiş uşaq işsizlikdən əziyyət çəkir və onun müvafiq peşəyə sahib olması və sığınacaqla təmin olunması, ən əsası isə cəmiyyətə uyğunlaşması ciddi problem olaraq qalır. Bunun nəticəsidir ki, həmin uşaqlar qəsdən və ya ehtiyatsızlıqdan cinayətkarlığın qurbanına çevrilir. Problemin həlli məqsədilə bu sahədə dövlətin müvafiq mexanizmi hazırlanmalı, uşaqlar arasında məlumatlandırma kampaniyası aparılmalı, KİV-də uşaqların cinayət törətməsinin qarşısının alınması üçün reklam çarxları hazırlanmalıdır", - baş məsləhətçi vurğulayıb.

Məmmədov qanunvericiliyə valideyn məsuliyyətinin artırılması ilə bağlı dəyişikliklərin edilməsini problemin çıxış yollarından biri hesab edir.

Məmmədov deyib ki, Komitə problemin qarşısının alınması istiqamətində güc strukturları ilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir, problemin həll olunması istiqamətində müvafiq tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti