...

Sürücü hansı halda hadisə yerindən qaçmış hesab olunur?

Cəmiyyət Materials 21 Sentyabr 2011 13:36 (UTC +04:00)
Yol qəzası törədən şəxsin hadisə yerindən qaçması ilə bağlı məhkəmə ilə yol polisi arasında fikir ayrılığı yaranıb.
Sürücü hansı halda hadisə yerindən qaçmış hesab olunur?

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yol qəzası törədən şəxsin hadisə yerindən qaçması ilə bağlı məhkəmə ilə yol polisi arasında fikir ayrılığı yaranıb.

Bakının Nəsimi rayon məhkəməsi yol qəzası törədən şəxsin hadisə yerindən qaçması halının müəyyənləşdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Məhkəmə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinin şərh olunmasını istəyir.

KM-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması halının müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik var.

Belə ki, bu məsələyə Dövlət Yol Polisi İdarəsi (DYPİ) ilə məhkəmənin yanaşması fərqlidir.

DYPİ hesab edir ki, sürücü zərərçəkənə kömək göstərib, onu xəstəxanaya aparar və hadisə yerinə qayıtmazsa, o, hadisə yerindən qaçmış hesab olunur.

Nəsimi rayon məhkəməsi isə hesab edir ki, sürücünün hadisə yerindən qaçması zərərçəkmişi ağır vəziyyətdə köməksiz qoyub bilərəkdən hadisə yerini tərk etməsi kimi başa düşülməlidir.

"Məhkəmə hesab edir ki, yol polisinin yanaşması tətbiq olunarsa, hadisə törədən şəxs zərərçəkmişə kömək etməkdə maraqlı olmayacaq", - KM-dən bildirilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində yol nəqliyyat hadisəsi zamanı sürücünün üzərinə düşən vəzifələr müəyyən edilib.

Əliyev qeyd edib ki, qanunun tələbinə görə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməlidir.

"Bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır", - Əliyev deyib.

İdarə sözçüsü bildirib ki, təcrübədə əksər hallarda sürücü zərər çəkmiş şəxsi xəstəxanaya gətirməklə öz vəzifəsini bitmiş hesab edir.

"Hətta qəzanı özünün törətdiyini bildirmir, heç bir sənəd təqdim etmir. Sürücü bunları etmirsə, onun əməli hadisə yerindən qaçma kimi qiymətləndirilməlidir", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, qəza törətmiş sürücü yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında xəstəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir.

KM Nəsimi rayon məhkəməsinin müraciətini icraata qəbul edib və Plenumun iclasında müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti