Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/
Prezident yanında Elmin İnkişafı Fondu bu yaxınlarda elan olunacağı gözlənilən gənc alimlərin elmi layihələrinin müsabiqəsindən əvvəl məsləhətləşmələr aparmaq üçün gənc alimləri Fonda dəvət edib.
Trend-in məlumatına görə, bunu Fondun icraçı direktoru Elçin Babayev cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı ümumrespublika məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, görüş oktyabrın 21-i saat 11:00-da Elmin İnkişafı Fondunda keçiriləcək.
"Təxminən 20-25 nəfər gənc alim Fondda görüşərək müsabiqənin keçirilməsi ilə bağlı fikirlərini paylaşa bilərlər", - Babayev deyib.
Bu ilin noyabrında gənclərin elmi layihələri üzrə müsabiqə elan ediləcək. Müsabiqənin qaliblərinin 2012-ci il fevralın 2-də - Gənclər Günündə elan edilməsi nəzərdə tutulur.