...

Azərbaycanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün kifayət qədər su ehtiyatı yoxdur

Cəmiyyət Materials 17 Noyabr 2011 16:04 (UTC +04:00)
Azərbaycan əhalisinin içməli suya, eyni zamanda, kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün ölkə ərazisində kifayət qədər su ehtiyatı yoxdur.
Azərbaycanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün kifayət qədər su ehtiyatı yoxdur

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan əhalisinin içməli suya, eyni zamanda, kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün ölkə ərazisində kifayət qədər su ehtiyatı yoxdur. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın ümumi su balansının yalnız 10 faizi Azərbaycan ərazisində formalaşıb.

Nazirlik nümayəndəsi deyib ki, ümumilikdə Azərbaycanın 35 milyard kubmetr həcmində su ehtiyatı var. Onun 5 milyard kubmetri yeraltı sulardır. Bununla yanaşı, ölkədə hər birinin tutumu 1 milyon kubmetr olan 38-dən çox su anbarı, 450 şirin su gölü var.

Əbdülhəsənov bildirib ki, yeraltı sular daha çox Gəncə-Qazax, Qanıx-Əyricay, Qarabağ-Mil və Şirvan zonalarında cəmləşib. Qarabağ-Mil zonasında 7,9 milyard, Gəncə-Qazax zonasında 4,2 milyard, Qanıx-Əyricay zonasında 3,8 milyard kubmetr həcmində yeraltı su ehtiyatı var.

Sektor müdirinin sözlərinə görə, yeraltı suların bir hissəsini təşkil edən termal suların respublika üzrə həcmi 245 min kubmetr/gündür. Bu sular da daha çox Abşeron yarımadası, Quba-Xaçmaz bölgəsi, Böyük Qafqazın cənub yamacı, Naxçıvan Muxtar Respublikası, Talış dağlıq bölgəsi, Lənkəran düzənliyi, Kür çökəkliyindədir.

Əbdülhəsənovun sözlərinə görə, Aran rayonunda yeraltı su ehtiyatları içmək üçün yararsızdır.

"Burada termal sular demək olar ki yoxdur. Nazirlik son dövrlərdə daha çox Beyləqan, İmişli, Saatlı, Ağstafa, Qobustan, Bərdə, Tovuz, İsmayıllı, Xızı və Samux rayonlarında 2-8 litr/san debitə malik içmək və təsərrüfat məqsədləri üçün istifadəyə yararlı şirin və az minerallaşmış sular aşkar edib. Qaçqın düşərgələrində və İsmayıllı rayonunun Qalıncaq, Qoşakənd və Ruşan kəndlərinin ərazisində qazılmış quyular və aşkarlanmış yeraltı sular təmənnasız olaraq əhalinin istifadəsinə verilib", - Əbdülhəsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti