...

Azərbaycanda hotel və turizm şirkətlərinin daha çox ehtiyac duyduğu kadrların siyahısı açıqlanıb

Cəmiyyət Materials 23 Noyabr 2011 14:44 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (ATA) hotellərdə və turizm şirkətlərində daha çox hansı kadrlara ehtiyac duyulduğunu müəyyənləşdirib.
Azərbaycanda hotel və turizm şirkətlərinin daha çox ehtiyac duyduğu kadrların siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası (ATA) hotellərdə və turizm şirkətlərində daha çox hansı kadrlara ehtiyac duyulduğunu müəyyənləşdirib.

ATA sədrinin müşaviri Müzəffər Ağakərimov çərşənbə günü Trend-ə bildirib ki, hotellərdə daha çox ofisiant, barmen, resepşn xidməti göstərən işçilərə, xadimələrə, turizm şirkətlərinin isə bacarıqlı tur-operatorlara ehtiyacı var.

Ağakərimov bu kadrlara kütləvi şəkildə daha çox ehtiyacın yaranmasını ümumilikdə onların turizm sektorundakı işçilər arasında çoxluq təşkil etməsi ilə əlaqələndirib.

Assosiasiya nümayəndəsi hesab edir ki, əslində, ehtiyac duyulan kadrların işini asan saymaq olmaz. Ona görə də bu kadrlarla bağlı vakant yerlərə işə qəbul zamanı yüksək peşəkarlıq tələb edilir.

Ağakərimovun sözlərinə görə, indi Bakıdakı hotellərdə vakansiyaların sayı getdikcə artır. O bildirib ki, "Kempinski", "Hilton" hotelinin fəaliyyətə başlaması, eyni zamanda yaxın zamanlarda istifadəyə veriləcək "Marriott", "Four seasons" hotellərinin açılışı ilə əlaqədar hotellərdə kadrlara tələbat yaranıb.

"Araşdırmalar nəticəsində məlum olub ki, beşulduzlu hotellərdə çalışan əməkdaşların çoxu işləmək üçün "Hilton" hotelinə gedir, işçilərin bəziləri isə "Marriott" hotelinə keçəcəklər. Bunun da nəticəsində "Hyatt Park", "Park İnn" hotellərində boş yerlər yaranacaq", - mütəxəssis əlavə edib.

Peşəkar kadrların hazırlığı işinin gücləndirilməsini zəruri sayan Ağakərimovun sözlərinə görə, son 5 ildə Azərbaycanda turizm infrastrukturu ilə yanaşı, kadr hazırlığı sahəsində də vəziyyət yaxşılaşıb. Artıq Qəbələ, İsmayıllı rayonlarında turizm üzrə liseylər, Mingəçevirdə kollec fəaliyyət göstərir. Yaxın zamanlarda Azərbaycan Turizm İnstitutunun balansına verilən 11 saylı turizm peşə məktəbində də turizm kadrlarının hazırlığına başlanacaq. Bundan əlavə, bu peşə məktəbinin Qusar rayonunda filialı açılacaq.

Xəbər lenti

Xəbər lenti