Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri Misir Mərdanovun əmri ilə ölkənin ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən çox sevdiyim idman növü" mövzusunda respublika rəsm müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etməkdir.
Əmrdə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə təşkilini təmin etməlidirlər.
Müsabiqənin respublika mərhələsi Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına keçiriləcək.