...

İtaliyanın turizm və mədəniyyət nazirləri Azərbaycana səfərə dəvət olunub (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2012 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm və idman naziri Pyero Nyudi və mədəniyyət naziri Lorentso Ornaqini Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, İtaliyaya səfəri çərçivəsində Pyero Nyudi ilə görüşən Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədilə tərəf müqabilini Azərbaycana səfərə, bununla yanaşı, 2012-ci ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə dəvət etdiyini diqqətə çatdırıb. O, İtaliyanın turizm operatorlarının və turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Nyudi münasib zamanda Azərbaycana səfər etməkdən məmnun olacağını, turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, turizm sahəsində təhsil istiqamətində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi ilə görüşən Əbülfəs Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnun olduğunu bildirib. Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycanın mədəniyyət günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək Azərbaycanın müasir incəsənət sərgisi haqqında məlumat verib. Nazir öz həmkarını Azərbaycana səfərə dəvət edib.

Ornaqi İtaliyada Azərbaycan mədəniyyətinə xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini təsdiq edərək, bu istiqamətlərdə Azərbaycan tərəfi ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti