...

Bakıda "012 Bakı Public Art Festival"ın təntənəli açılışı olub

Cəmiyyət Materials 24 Fevral 2012 21:03 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda "ÜNS Yaradıcılıq Səhnəsi"ndə "012 Bakı Public Art Festival"ın açılışı olub.
Bakıda "012 Bakı Public Art Festival"ın təntənəli açılışı olub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda "ÜNS Yaradıcılıq Səhnəsi"ndə "012 Bakı Public Art Festival"ın açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri Nərgiz Paşayeva, "YARAT!" təşkilatının yaradıcısı Aida Mahmudova, diplomatik missiyaların rəhbərləri, dövlət xadimləri, görkəmli mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onların hər biri Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirəcəklər. Festival Azərbaycan incəsənətinin bütün çoxcəhətliliyini, xüsusiyyətini və inkişafını göstərəcək. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynayıb, Bakı isə Azərbaycan rəssamları üçün mühüm bir məkan, oriyentir olub", - Aida Mahmudova bildirib.

Sonra rəssamlar şəhərin müxtəlif yerlərində "012 Bakı Public Art Festival"a təqdim ediləcək və Bakının ənənələrini və mədəni irsini əks etdirən işləri haqqında danışıblar.

Nərgiz Paşayeva öz çıxışında məmnunluğunu bildirib ki, festival əvvəllər tanınmış musiqiçilər, şairlər, ədiblər, artistlərin çıxış etidiyi, lakin onlar arasında rəssamların olmadığı "ÜNS Yaradıcılıq Səhnəsi"ndə açılıb.

"012" Bakının şifrəsidir. Maraqlıdır ki, bu rəqəm festivalda iştirak edən rəssamların sayının (21) aynalı əksidir. Ən cavan iştirakçının 21, ən yaşlısının isə 69 yaşı var. Festivalın əsas məqsədi xalqın, millətin, şəhərin insani xatirəsini anmaqdır. Belə ki, yaddaş idealları və yaxşı cəhdləri qoruyur. Biz bu gözəl və qədim şəhəri tikən insanların xatirəsini yad edirik və mədəni təbəqələri və memarlığı qorumağa borcluyuq. Əgər keçmişi unutsaq, gözəl gələcək olmayacaq. Biz istəyirik ki, layihə bizim keçmişimizi işıqlandırsın. Bizim gözəl mədəniyyətimiz, ədəbiyyatımız, dilimiz, bənzərsiz tariximiz var", - Nərgiz Paşayeva deyib.

Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunub. Açılış mərasimi "ÜNS Yaradıcılıq Səhnəsi"ndə keçirilib və burada bütün eksponatlar 2012-ci il fevralın 25-dən martın 1-ə qədər tamaşaçıların seyrinə veriləcək. 2012-ci il martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) layihə 21 həftə müddətində davam edəcək. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdiyi ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq. Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdığı müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu sözsüz ki, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcək.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıxzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin açılması filmin kulminasiyasını təşkil edəcəkdir. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanma mərasimində göstəriləcək.

2011-ci ildə Aidə Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı müasir incəsənətin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

"YARAT!"-ın ilk sərgisi 2011-ci ilin oktyabrında "Ön Söz" adı ilə keçirilib və bir ay ərzində 20.000 tamaşaçı cəlb edib.

"YARAT!"-ın əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir. "YARAT!" həmçinin təhsil təşəbbüsləri təklif etmək, yerli və xarici rəssamlar üçün beynəlxalq tədris və yaradıcı tanışlıq proqramları hazırlamaq və həyata keçirmək niyyətindədir.

"YARAT!"-ın qurucusu Aidə Mahmudova 14 yaşından Londonda təhsil alıb. Orada məktəbi bitirdikdən sonra məhşur Central Saint Martins İncəsənət və Dizayn Kollecində oxuyub. Bakıda olarkən rəssamlarla və onların yaradıcı üslubu və potensialı ilə yaxından tanış olduqdan sonra yeni birlik yaratmağın vacibliyi ideyasına gəlib. Rəssam Aidə Mahmudova "YARAT!" qeyri-kommersiya təşkilatının vasitəsilə elə bir özül yaratmaq istəyir ki, onun sayəsində müasir Azərbaycan rəssamları peşəkar sərgidə daha artıq inkişaf edərək, daha geniş yerli və beynəlxalq auditoriya qarşısına çıxmaq imkanı əldə etmiş olsunlar. Aida həmçinin öz fəaliyyətində təsviri incəsənətdə Şərq və Qərb mədəniyyətlərinin sintezini təmsil edə biləcək bir quruma rəhbərlik etmiş olur.

Xəbər lenti

Xəbər lenti