...

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların 55 faizində Konvensiyanın pozuntusu müəyyən olunub

Cəmiyyət Materials 29 Fevral 2012 13:34 (UTC +04:00)
İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycanla bağlı 80 qərar qəbul edilib, onların təqribən 55 faizində Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının müddəalarının pozuntusu müəyyən olunub.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların 55 faizində Konvensiyanın pozuntusu müəyyən olunub

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/

İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycanla bağlı 80 qərar qəbul edilib, onların təqribən 55 faizində Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının müddəalarının pozuntusu müəyyən olunub.

Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend-ə bildirib ki, Konvensiyanın pozuntusu müəyyən edilən işlər üzrə Azərbaycan hökuməti təxminən 400 min avro məbləğində cərimələnib.

Qərarlar üzrə şikayətçilərə ödənilməli olan kompensasiyaların vaxtında ödənildiyini deyən Əsgərov bildirib ki, ödənişlə bağlı indiyədək heç bir problem yaranmayıb.

"Avropa Məhkəməsinin qərarı qəbul edildikdən 3 ay sonra qüvvəyə minir. Kompensasiyalar vaxtında ödənilməzsə, faizlər hesablanır. Bizdə ödənişlə bağlı problem yoxdur. İndiyədək Avropa Məhkəməsinin qərarları üzrə şikayətçilərə 400 min avroya yaxın təzminat ödənilib", - səlahiyyətli nümayəndə deyib.

Şikayətlərin məzmununa gəlincə, Əsgərov bildirib ki, son illər icraata qəbul edilən və qərar çıxarılan şikayətlər arasında məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərdən çıxarılma (mülkiyyət hüququ), şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və uzadılması (azadlıq və toxunulmazlıq hüququ), 2005-ci il parlament seçkiləri ilə bağlı işlər daha çoxdur.

Onun sözlərinə görə, parlament seçkiləri ilə bağlı bir neçə qərar çıxarılıb.

"Həmin işlərdə pozuntular namizədliyin qeydə alınmaması, namizədliyin ləğv edilməsi, ya da seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlıdır. Artıq Avropa Məhkəməsinin icraatında seçkilərlə bağlı şikayətlər qalmayıb", - o deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı şikayətlər daha çox məhkəmə baxışında tərəflərin iştirakının təmin olunmaması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti